Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/
"İRƏLİ" İctimai Birliyi artıq Azərbaycanda hamının tanıdığı və etibar etdiyi bir brendə, gənclərin ən sevimli bir qurumuna çevrilib. Bu gün "İRƏLİ"çilərə cəmiyyətin hər bir sahəsində rast gəlmək olur. Dövlət, özəl, media, diplomatik strukturlarda, bələdiyyələrdə, bir sözlə, hər yerdə "İRƏLİ"çilər var. Bu barədə cümə axşamı Trend-ə "İRƏLİ" İB-nin sədri Ceyhun Osmanlı bildirib.
Azərbaycan gənclərinin "İRƏLİ" İctimai Birliyinin bu gün beş yaşı tamam olur. Trend-in cümə axşamı verdiyi məlumata görə, "İRƏLİ" beş il bundan öncə Ümumrespublika Gənclər Hərəkatı əsasında meydana gəlib.
Osmanlı deyib ki, "İRƏLİ" hər zaman insan kapitalına investisiya qoyan bir təşkilat kimi, artıq hər bir təbəqədən olan strukturun inamlı kadr rezervi rolunu oynayır.
"İRƏLİ" Azərbaycanın ən kütləvi təşkilatlarıdan biridir. 2009-cu ildəki layihələrimizdə iştirak edən insanlarımızın sayı 100 min nəfəri keçib. "İRƏLİ" Azərbaycanın 56 rayonunda fəaliyyət göstərir, 31 ali məktəbdə şəbəkə, 13 Avropa ölkəsində təmsilçilik yaradıb", - Osmanlı əlavə edib.
"İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyu sıralarında 6 mindən çox Azərbaycan gəncini toplayaraq, ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub. "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 dekabr 2008-ci ildə hərəkatın buraxılması barədə qərar qəbul edib. Bu qərardan sonra, hərəkatın əsasında "İRƏLİ" İctimai Birliyinin yaradılma ideyası ortaya çıxıb.
Osmanlı təşkilatın məqsədlərindən də danışıb.
"Bu gün "İRƏLİ", demək olar ki, cəmiyyətimizin hər bir təbəqəsində təmsil olunur. "İRƏLİ" insan kapitalına investisiya qoyan, Azərbaycanın inkişafını elmə əsaslanan cəmiyyət yaratmaqla görən bir təşkilatdır. Biz bu gün gənclərə xüsusi önəm verən təşkilat kimi gənclərimizi xaotik, qeyri-təşkilatlanmış, populist şüarlar dalınca qaçan kütlə deyil, elmli, düşüncəli və intellektual bir çoxluq kimi görmək istəyir və işimizi bu istiqamətdə qururuq", - Osmanlı deyib.
Onun sözlərinə görə, bu günə qədər qarşıya qoyulan bütün məqsədlərə nail olunub.
"Hər bir inkişaf dövrünün öz məqsədləri var. "İRƏLİ" hər zaman özünə tənqidi yanaşan və fəaliyyətini təhlil edən bir təşkilatdır. Hər il üçün qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq. Amma hər bir çatılan məqsəd yeni məqsədlər açır. Görülən işlər vasitədir. Son məqsəd Azərbaycanın inkişafı üçün çalışmaq və Azərbaycanın inkişaf etmiş ölkə həddinə çatana qədər çalışmaqdır", - Osmanlı vurğulayıb.