Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir М.Əliyev/
Azərbaycan Dillər Universitetində ölkələrin öyrənilməsi üzrə yeni mərkəzlər açılacaq. Bu barədə Trend-ə çərşənbə günü universitetin rektoru Səməd Seyidov deyib.
"Bu il Hindistan Mərkəzi açmağı planlaşdırırıq, bununla yanaşı, Çin və Yaponiya mərkəzlərinin açılması üzrə danışıqlar aparılır", - rektor deyib.
Onun sözlərinə görə, yeni dərs ilində universitetdə qafqazşünaslıq fakültəsi açılıb.
"Paradoksal haldır ki, öz qonşularımızı ABŞ, Böyük Britaniya kimi uzaq ölkələrdən az öyrənirik. Qafqazşünaslıq fakültəsində Azərbaycana qonşu ölkələr - Gürcüstan, Ermənistan ətraflı şəkildə öyrəniləcək", - Seyidov deyib.
2010-2011-ci tədris illərində yeni açılmış hindistanşünaslıq fakültəsində 10 tələbə təhsil alacaq.