Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Mərakeş arasında idman sahəsində əməkdaşlığın inkişafı haqqında sənəd imzalanacaq.
"Biz hazırda Azərbaycan və Mərakeş arasında idman sahəsində əlaqələrin inkişaf etdirilməsi haqqında yeni sənəd üzərində işləyirik", - çərşənbə günü jurnalistlərə Mərakeşin idman naziri Münsəf Bəlhəyat deyib.
Onun sözlərinə görə, indiyədək Azərbaycan və Mərakeş arasında idman sahəsində münasibətlər qənaətbəxş səviyyədə olmayıb.
"İdman sahəsində bizi güləş, boks və yüngül atletika növlərində əlaqələrin inkişafı maraqlandırır", - Mərakeş naziri qeyd edib.
Onun sözlərinə görə, bu sənəd çərçivəsində Azərbaycan idmançılarının Mərakeşə, Mərakeş idmançılarının isə Azərbaycana səfərlərinin təşkil olunması planlaşdırılır.
Mərakeş naziri Avropa ölkələrinin idman nazirlərinin qeyri-rəsmi görüşündə iştirakı çərçivəsində Bakıda səfərdədir. İki ildə bir dəfə keçirilən konfransda Avropanın 36 ölkəsinin nümayəndəsi iştirak edir.