Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/
Gənclər və idman naziri Azərbaycanda totalizatorların təşkili qaydalarını açıqlayıb.
"Azərbaycanda bukmeker kontorunun açılmasına lisenziya üçün ödəniş tələb olunmur. Totalizator açmaq istəyənlər yalnız dəyəri 3000 manat olan post-terminal almalıdırlar ki, bunu da istədikləri vaxt qaytara və vəsaitlərini geri ala bilərlər", - çərşənbə günü gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə bildirib.
Bu ildən etibarən ölkədə idman totalizatorlarının fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Gənclər və İdman Nazirliyində Türkiyənin "İnteltex" şirkəti ilə birgə totalizatorların fəaliyyətini həyata keçirəcək "Azəridmanservis" idarəsi yaradılıb. Bu fəaliyyətlə məşğul olan "Azinteltek" 300-dək post-terminal hazırlayıb.
Nazirin sözlərinə görə, kontoru açan şəxs cəlb edəcəyi pul qoyuluşları dəyərində banka məbləğ qoymalıdır. "Totalizator təşkilatçısı uduşu ödəyə bilməyəcəyi təqdirdə, müştəriyə bukmeker hesabından ödəniləcək", - Rəhimov qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda totalizatorların fəaliyyətinin başlanğıcında Avropadan bukmeker kontoru təşkilatçıları üçün treninqlər keçəcək ekspert dəvət olunacaq.