...

Azərbaycan mətbəxi Mexikoda təmsil olunub (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2010 13:10 (UTC +04:00)
Azərbaycan Turizm və Mədəniyyət Nazirliyi, həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dək keçiriləcək Azərbaycan və Türkiyə mətbəxi festivalının təntənəli açılışı təşkil olunub. Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumatda deyilir.
Azərbaycan mətbəxi Mexikoda təmsil olunub (FOTO)

Azərbaycan mətbəxi Mexikoda Azərbaycan və Türkiyə festivalında təmsil olunub.

Azərbaycan Turizm və Mədəniyyət Nazirliyi, həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dək keçiriləcək Azərbaycan və Türkiyə mətbəxi festivalının təntənəli açılışı təşkil olunub. Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumatda deyilir.

Festival çərçivəsində Meksikanın paytaxtı Mexikonun nüfuzlu mehmanxanalarından biri  - "Nikko Mexico"nun qonaqları və şəhər sakinləri Azərbaycan milli mətbəxinin ən yaxşı yeməkləri, içkiləri və şirniyyatı ilə tanış ola biləcəklər.

Azərbaycan mətbəxinin incəliklərini nümayiş etdirmək üçün festivala Bakıdan baş aşpaz Sənan Əliyev dəvət olunub.

Festival Azərbaycan və Türkiyənin Meksikadakı səfirləri - İlqar Muxtarov və Alev Kılıcın giriş sözü ilə başlayıb. "Azərbaycan mətbəxinin özünəməxsus xüsusiyyətləri, milli kaloriti var və yeməklərinin təkrarolunmaz dadı və nadir ətri ilə məşhurdur. Qədim və qızğın ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi mətbəximizin zənginləşməsinə imkan yaradıb", - Azərbaycan səfiri deyib.

Daha sonra Meksika Xarici İşlər Nazirliyinin Avropa ölkələri məsələləri üzrə idarəsinin rəhbəri Xose İqnasio Madraso qonaqları salamlayıb. Öz çıxışında o, xüsusi vurğulayıb ki, bu, Azərbaycan Səfirliyinin Meksikada qısa fəaliyyət müddəti dövründə mədəniyyət xarakterli birinci tədbiri deyil.

Giriş sözlərindən sonra tədbir iştirakçıları Azərbaycan simfonik musiqisindən - Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi görkəmli bəstəkarların əsərlərindən zövq alıblar. Konsert proqramında, həmçinin, Azərbaycan milli rəqsi nümayiş etdirilib ki, bu da tədbir iştirakçılarının marağına səbəb olub.

Həmçinin, festival proqramında Azərbaycan haqqında sənədli film və milli geyimlər nümayiş olunub.

Mehmanxananın rəhbərliyi ilə il ərzində Azərbaycan xörəklərinin restoran müştərilərinə təklif olunacağı barədə razılıq əldə edilib.

Sözügedən tədbir Meksika KİV, o cümlədən, "Reforma", "Milenio" kimi böyüktirajlı qəzetlər və ölkədə yeganə ingilisdilli qəzet - "The News" tərəfindən geniş səpkidə işıqlandırılır.

Xəbər lenti

Xəbər lenti