...

Azərbaycanda iş adamlarının qətlində ittiham olunan dəstə rəhbərinə ömürlük cəza istənilib

Cəmiyyət Materials 12 Noyabr 2010 15:53 (UTC +04:00)
Məhkəmədən Trend-ə verilən məlumata görə, dövlət ittihamçısı dəstə rəhbəri Şöhrət Quliyevə, dəstə üzvləri Anar Həsənova, Mehman Qəhrəmanova ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.
Azərbaycanda iş adamlarının qətlində ittiham olunan dəstə rəhbərinə ömürlük cəza istənilib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin rəhbərlik etdiyi cinayətkar dəstə üzvlərinə prokuror cəza istəyib.

Məhkəmədən Trend-ə verilən məlumata görə, dövlət ittihamçısı dəstə rəhbəri Şöhrət Quliyevə, dəstə üzvləri Anar Həsənova, Mehman Qəhrəmanova ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.

Dəstə üzvləri İlham Şabanov və Səxavət Xudiyevə 15, Xəzər Kazımova 10, Məharət İsmayılova 4 il 6 ay, Rabit Abdinova isə 2 il 6 ay cəza verilməsini istəyib.

Dəstənin digər üzvləri Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun cəza müddətləri keçdiyi üçün onların azadlığa buraxılmasını məhkəmədən xahiş edib.

Dəstə üzvləri 2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovu və Kamal Ələkbərovu qətlə yetirməkdə ittiham olunublar.

2003-cü ilin dekabında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq, onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər.

Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb və bunun müqabilində onlara 25 min ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində "Makarov" markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayət aləti olan "Makarov" tapançası həmin il dekabrın 27-də Bakı şəhəri, B.Nuriyev küçəsi, 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülüb və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib.

Quliyev mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək, bununla əlaqədar cinayətin icraçılarına 25 min ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də "Makarov" tapançası ilə silahlanmış cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.

Dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus "Quş südü" adlandırılan kafedə mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə edib, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçiriblər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş "Kalaşnikov" avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərov Cinayət Məcəlləsinin 120 (qəsdən adamöldürmə), 217 (banditizm) və 228 (qanunsuz olaraq odlu silah, sursat əldəetmə və saxlama) və digər maddələri ilə təqsirləndirilirlər.

Noyabrın 18-də vəkillər müdafiə çıxışı edəcək.

Xəbər lenti

Xəbər lenti