Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın "İnter" futbol klubu 2011-ci ildə Birlik Kubokunu qazanmaq niyyətindədir. Bu barədə Trend-ə klubun prezidenti Georgi Nikolov deyib.
Bundan əvvəl Birlik Kubokunun yarımfinalında iştirak etmişik və bu mərhələ bizim üçün artıq maraqlı deyil. Biz final mərhələsinə çıxmaq və Kuboka sahib olmaq istəyirik", - prezident qeyd edib.
Yanvarın 14-dən 23-dək Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin Kuboku keçiriləcək. Ötən ildən etibarən yarışlarda Finlandiya klubları da iştirak edirlər.
Nikolovun sözlərinə görə, yanvarın 3-də "İnter" MDB çempionatına hazırlıq üçün Türkiyəyə yola düşəcək, bundan sonra isə Sankt-Peterburqa gedəcək.
"İnter"in yeni transferləri ilə bağlı prezident deyib ki, klub hücumçular almaq niyyətindədir. "Yeni oyunçular almaq baş məşqçinin müstəsna hüququdur, mən yalnız bunun üçün maliyyə vəsaitləri tapmağa çalışıram. Baş məşqçi isə hazırda öz komandasını "İnter"in ən zəif yeri olan hücumçu ilə gücləndirmək istəyir. Məhz bu istiqamətdə oyunçuların axtarışı davam etdirilir", - Nikolov bildirib.
Buna kimi Birlik Kubokuna altı dəfə Moskvanın "Spartak", beş dəfə Kiyevin "Dinamo" klubları sahib olub. İki dəfə qələbəni Azərbaycan klubları - "Neftçi" və "Xəzər-Lənkəran", daha iki dəfə isə Moldovanın "Şerif" klubu qeyd ediblər. Bu kuboka hərəsi bir dəfə olmaqla Tbilisinin "Dinamo" və Daşkəndin "Paxtakor" klubları sahib olublar.