Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın dörd regionunda məişət zorakılığı qurbanları üçün sığınacaqlar yaradılacaq. Bunu cümə axşamı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkil etdiyi 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş "dəyirmi masa"da deyib.
"Sığınacaq mərkəzləri Lənkran, Xaçmaz, Zaqatala və Gəncədə açılacaq", - Qəhramanova bildirib.
Onun sözlərinə görə, artıq belə mərkəz Lənkəranda hazırdır. Xaçmaz və Zaqatalada isə hazırlıq işləri yekunlaşmaq üzrədir.
BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə 25 noyabr qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur. BMT, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayırlar.
Azərbaycan Parlamenti "Məişət zorakılığının qarşısının alınması və məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi haqqında" qanunu qəbul edib.