Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda özəlləşdirilən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Bu barədə Mili Məclisinin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini Bəxtiyar Əliyev deyib.
"Özəlləşdirilən məktəbəqədər təhsil müəssisələri hazırda təyinatı üzrə fəaliyyət göstərmirlər", - Əliyev qeyd edib.
Komitə sədri Şəmsəddin Hacıyev hesab edir ki, Azərbaycanda rəqabətli mühitin mövcudluğu müxtəlif məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına xidmət edir.
"Uşaq bağçalarının özəlləşdirilməsi "Təhsil haqqında" qanunun qəbul edilməsindən çox əvvəl həyata keçirilib", - Hacıyev bildirib.
Komitənin iclası zamanı qeyd edilib ki, Azərbaycanda yalnız uşaqların 20 faizi uşaq bağçalarına gedir. "Azərbaycanda bu məsələnin həlli üzrə dövlət proqramı qəbul edilib və tədricən uşaqların məktəbəqədər təhsil müəssisələrinə getmə faizi artacaq", - komitə sədri əlavə edib.
Hazırda Azərbaycanda 1 635 uşaq bağçası fəaliyyət göstərir. Onların 1 571 dövlət müəssisəsidir. Bütün müəssisələrdə 108 minə yaxın uşaq tərbiyə alır.