...

M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Cəmiyyət Materials 18 Dekabr 2010 23:53 (UTC +04:00)
M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Müasir riyazi təhsilin problemləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir

M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Toplantıda M.Lomonosov adına Moskva Dövlət Universitetinin, bu təhsil ocağının Bakı filialının, Prezident Administrasiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ölkəmizin orta və ali məktəblərinin riyaziyyat müəllimləri iştirak etmişlər.

Müasir riyazi təhsilin problemləri yalnız peşəkar riyaziyyatçılara deyil, bütün cəmiyyətə aid olan məsələdir.

"Dəyirmi masa"nı bu sözlərlə açan Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirmişdir ki, tədbirin əsas məqsədi məsələ ilə bağlı fikir mübadiləsi aparmaq və orta məktəb şagirdlərinin riyaziyyat üzrə kreativ düşüncəyə yiyələnmələri üsullarını müzakirə etməkdir.

Riyaziyyatın XXI əsrdə əhəmiyyətini qeyd edən professor Nərgiz Paşayeva rəhbərlik etdiyi təhsil ocağında riyaziyyatın tədrisi və mənimsənilməsi ilə bağlı vəziyyətin 2009-2010-cu illərdə yaxşılaşdığını da qeyd etmişdir. Rektor Bakı filialında tədrisin peşəkar Rusiya mütəxəssisləri tərəfindən aparıldığını, burada lazımi biliklərin verildiyini diqqətə çatdırmışdır.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fatma Abdullazadə riyaziyyatın cəmiyyət üçün vacibliyini vurğulamışdır. O, biliklərin yoxlanılmasında düzgün üsulların tətbiq edilməsinin vacibliyindən danışmışdır.

Maraqlı müzakirələrlə yadda qalan "dəyirmi masa"da Moskva Dövlət Universitetinin alimləri də bir sıra faydalı təkliflər irəli sürmüşlər. Onlar riyaziyyat üzrə qabiliyyətin 13-14 yaşında özünü büruzə verdiyini və həmin zaman şagirdi bu elmə yönəltməyin vacibliyini bildirmişlər. Moskvalı alimlər biliklərin müəyyən edilməsi zamanı test sisteminin üstünlükləri və çatışmazlıqlarına nəzər salmış, riyaziyyat üzrə ixtisaslaşmış məktəblərin şəbəkəsinin genişləndirilməsini təklif etmiş, mövcud riyazi analiz ilə yanaşı, riyazi sintezin yaranmasının da vacib olduğunu söyləmişlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkəmizdə abituriyentlərə təqdim edilən testlərdə riyaziyyatla bağlı yalnız biliklərin deyil, həm də qabiliyyətin yoxlanıldığını demişdir.

"Dəyirmi masa"da həm Azərbaycanda, həm də Rusiyada riyaziyyat məktəbinin gücləndirilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov müəllim-şagird münasibətləri barədə danışmış, orta təhsil məktəblərində yaxşı mütəxəssislərə tələbatın böyük olduğunu bildirmişdir.

Məktəblərdə tədris proqramı, onun günün tələblərinə cavab verməsi məsələsi də "dəyirmi masa"da geniş müzakirə olunmuşdur.

Tədbiri yekunlaşdıran MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva "dəyirmi masa"da iştirak edən hər bir şəxsin müzakirə edilən məsələ ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün əlindən gələni edəcəyini bildirmişdir. Rektor qeyd etmişdir ki, MDU-nun Bakı filialı həm yaxşı müəllim, həm də yaxşı şagirdlə əlaqə yaratmağa hər zaman açıqdır.

Moskva Dövlət Universiteti ali həndəsə və topologiya kafedrasının professoru, fizika -riyaziyyat elmləri doktoru Sabir Hüseynzadə bildirmişdir ki, MDU-nun Bakı filialının yaradılması vaxtında atılmış addımdır. Bir vaxtlar əlaqələr qismən pozulmuşdu, amma Rusiya və Azərbaycan qonşu ölkələrdir və bu əlaqələr həmişə olacaqdır. Bakı filialının yaranması çox yaxşı məsələdir.

Onu da qeyd edək ki, noyabrın 24-də Tbilisidə tələbələr arasında proqramlaşdırma üzrə dünya çempionatının dörddəbir final mərhələsində MDU-nin Bakı filialının tətbiqi riyaziyyat fakültəsinin tələbələrindən ibarət komanda Azərbaycanı təmsil edən komandalar arasında ən yaxşı nəticə göstərərək, çempion adına layiq görülmüşdür. Tələbələri Moskva Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi İlya Qriqoryev hazırlamışdır. O, tələbələrin keçdiyi proqramın çox zəngin olduğunu bildirərək demişdir ki, bir mühazirə və onun mənimsənilməsi üçün iki yoxlama işi aparılır. Bizdə həm nəzəriyyə, həm də təcrübə eyni zamanda aparılır.

MDU-nin Bakı filialında Moskvadan gələn professorların iştirakı ilə şagirdlər üçün bazar günü məktəbləri də təşkil edilmişdir. Burada tədris pulsuzdur.

Xəbər lenti

Xəbər lenti