Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibə
- 2010-cu ili siyasi və iqtisadi baxımdan Azərbaycan üçün uğurlu saymaq olarmı?
- Tamamilə. Bu halda ölkənin inkişafının bir neçə aspektini qeyd etmək lazımdır. Birincisi, 2010-cu il yaddaşda dördüncü parlament seçkiləri ilə qalacaq. Seçkilər bütün maraqlı siyasi qüvvələrin iştirakı ilə açıq və şəffaf şəraitdə keçdi. Bu, ölkədə demokratik təsisatların və ənənələrin təkmilləşdirilməsi istiqamətində daha bir addımdır.
İkincisi, cari ildə Azərbaycanın iqtisadi göstəriciləri regionda yenidən liderlik tempini saxlamaqdadır. Əhəmiyyətlisi budur ki, bütün bunların hamısı azalmağa doğru gedən, lakin hələ də mövcud olan qlobal maliyyə böhranı işığında baş verir. Belə ki, 2010-cu ilin sonuna biz deyə bilərik ki, son yeddi il ərzində Azərbaycanda əməkhaqqı və pensiya orta hesabla 5-6 dəfə artıb, yoxsulluq 4 dəfə azalıb, 900 minə yaxın yeni iş yeri açılıb ki, bunun da 600 mini daimidir. Büdcə xərcləri 12, hərbi xərclər təxminən 20, valyuta ehtiyatları isə 18 dəfə artıb. 2010-cu ilin sonuna Azərbaycanın valyuta ehtiyatları 24 milyard dollardan çoxdur. 1995-ci ildən etibarən ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya yatırılıb. 2010-cu ilin 11 ayı ərzində ÜDM artımı 4,5 faiz təşkil edir. Bu, yeri gəlmişkən, Avropanın bir sıra ölkələrində və ABŞ-da olduğundan çoxdur. Qeyri-neft sektorunda ÜDM artımı 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb. Bu onun bariz sübutudur ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır.
Bununla yanaşı, 2010-cu ildə ölkənin xarici iqtisadi fəaliyyəti Xəzər dənizindən karbohidrogenlərin nəqlinin diversifikasiyasına da yönəlib. Belə ki, cari ilin iyununda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli üzrə anlaşma memorandumu imzalanıb. Türkiyə mövzusunu inkişaf etdirərək, 2010-cu ildə ölkələr arasında prezidentlər səviyyəsində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşlıqlı yardım haqqında müqavilə"ni qeyd etməmək olmur.
2010-cu ildə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə baş verib. Belə ki, bu, Azərbaycanın böyük qaz ölkəsinə çevrildiyinə sübutdur. "Ümid" qaz yatağı kəşf edildi. Burada 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat var. Hələlik bir quyudan alınan məlumata əsasən, ümumi ehtiyatlar 250 milyard kubmetr təşkil edir. Belə bir nailiyyətin müstəqil Azərbaycanın payına düşməsi - real siyasət və real iqtisadiyyatdır.
Ölkə tədricən regionun informasiya-kommunikasiya mərkəzinə çevrilir və bu, müasir inkişafın mühüm tərkib hissəsidir. Azərbaycan artıq regional mərkəz kimi, Qərb və Şərqin birləşdirici halqasına çevrilib və biz artıq adi tranzitçi rolunu oynayan körpü deyilik. Biz regional mərkəz kimi, fəal iştirak etdiyimiz bu və ya digər layihələrin perspektivini və effektivliyini özümüz müəyyənləşdiririk.
Üçüncüsü, xarici iqtisadi sahədə fəallıqdır. 2010-cu ilin cari dövrü ərzində Azərbaycan Prezidenti 17 xarici səfər edib. Bunların hamısı milli xarici siyasətin həyata keçirilməsinin intensivliyindən xəbər verir. Biz daima hərəkətdəyik, inkişaf edirik və dünyada Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına səy göstəririk. Bununla yanaşı, sözsüz ki, Prezidentin gündəliyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prioritet məsələ olaraq qalır.
2010-cu ildə Azərbaycan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə ev sahibliyi edib. Beş ildir ki keçirilməyən sammit bu dəfə Bakıda baş tutub və gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə imkan verəcək bir sıra razılaşmaların əsası olub.
Sosial-mədəni və intellektual sahələrdə Azərbaycan artıq cazibə mərkəzinə çevrilib. Yayda keçirilən II Qəbələ Beynəlxalq musiqi festivalı, Mstislav Rostropoviç festivalı, Bakıda illik caz festivalları bunun bariz sübutudur.
Digər tərəfdən, 2010-cu ilin ikinci yarısından biz Azərbaycanın regionun intellektual mərkəzinə transformasiyasının əsasını qoymağa başlamışıq. Bizim vəzifəmiz beynəlxalq münasibətlər sahəsindəki regional diskussiyaların məhz burada keçirilməsidir. Və Bakıda 27 ölkədən 60 ekspertin iştirak etdiyi beynəlxalq münasibətlər sahəsində tədqiqatçıların I illik simpoziumunun keçirilməsi bunun bariz nümunəsidir. Yeri gəlmişkən, II Beynəlxalq simpozium 2011-ci ilin sentyabrında Azərbaycanda keçiriləcək. Düzdür, bunun Bakıda və ya regionlarda keçiriləcəyi hələ ki müəyyənləşməyib.
Bununla yanaşı, Azərbaycan mədəniyyət və dinlərin dialoq məkanıdır və 2010-cu ildə keçirilən dünyanın dini liderlərinin Bakı sammiti bunun daha bir təsdiqidir.
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2010-cu il "Ekologiya ili" elan edilib. Buna görə ekologiya haqqında fikirləşəndə, əksər vacib problemlər həll olan zaman, təkmilləşdirmə barədə düşünmək imkanı olanda, bu, vətəndaşın rifah səviyyəsinin yaxşılaşdırılmasının mühüm aspektidir. Azərbaycanın iqtisadi potensialı bu gün ölkə vətəndaşının həyat fəaliyyətini, rifah səviyyəsini təkmilləşdirməyə imkan verir. Belə ki, təkcə 2010-cu ildə Azərbaycan Prezidenti regionlara 20-dən çox səfər edib və arasında müəssisə və digər infrastruktur obyektlərinin olduğu 90-dan çox açılışda iştirak edib.
Beləliklə, başa çatmaqda olan 2010-cu ilin əsas işlərinin az qisminin göstərilməsi çox şeydən xəbər verir. Təbii ki, iş həm daxili siyasi, həm də ümumilikdə regional məsələlərdə daha çoxdur. Lakin qısa təhlil sözsüz ki, deməyə imkan verir ki, Prezidentin çox fəal və geniş qrafiki bu ili Azərbaycan üçün kifayət qədər uğurlu edib.
- Bir çox ekspertlər hesab edir ki, ATƏT və Minsk qrupu formatının resursları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında praktiki olaraq tükənib. Siz bu məsələnin müzakirəsi üçün hansı digər beynəlxalq meydançaların istifadə edilməsini mühüm sayırsınız?
- Məsələ ondadır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Minsk qrupunun deyil, həm də ümumilikdə dünya ictimaiyyətinin daha fəal iştirakını tələb edir. Azərbaycan ərazilərinin işğalı, Ermənistan tərəfdən hüququn güc üzərində aliliyinin total şəkildə inkar edilməsi təbii bir şey kimi qəbul edilə bilməz. Buna görə də Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, səbrimizin həddi var. Nə vaxtadək yalnız Azərbaycan ərazilərinin işğal olunmasını bildirməklə kifayətlənən beynəlxalq təşkilatların hüquqi nihilizmi ilə barışmaq olar? Bu vacibdir, lakin kifayət etmir. İradə nümayiş etdirmək və bir daha beynəlxalq hüquq prinsiplərini beynəlxalq gündəlikdə prioritet "rəfə" qoymaq lazımdır.
Dünya bu gün formalaşan yeni qaydadan danışırsa, o, ədalətli olmalı və gücün deyil, hüququn prioritetliyini təmin edən prinsiplərə əsaslanmalıdır. Əks halda, gücə gec-tez güclə cavab verəcəklər. Məsələnin yalnız zamana ehtiyacı var, zaman isə Azərbaycana işləyir.
- Azərbaycan gənclərinin dünyada intellektual rəqabət qabiliyyətlilik səviyyəsini necə qiymətləndirirsiniz?
- Son iki ildə iqtisadiyyat və siyasətdə çox şey dəyişib. Sözsüz ki, bu, Azərbaycan gənclərinin müasir təfəkkürünün formalaşmasına təsir edir. Bir tərəfdən Azərbaycan gəncliyi getdikcə daha çox Qərb nümunələrinin tətbiq edildiyi təhsildə yeni tendensiyaların təsiri altında formalaşır, digər tərəfdən isə qlobal şəbəkə davranışının yeni norma və stereotiplərini formalaşdırır. Çünki biz hər gün 43000 qiqabaytlıq informasiyanın yaradıldığı dünyada yaşayırıq. Bu, on il bundan əvvəl olduğundan on dəfələrlə çoxdur və ötən əsrin ikinci yarısında generasiya edilən informasiyanın sayını yüz dəfələrlə ötür.
2010-cu ildə gəncliyin nümayəndəsi 1995-ci ildəki belə gənc insandan tam fərqlənir. Birincisi, o, daha az siyasiləşib, daha çox şəxsi həyat maraqlarının həyata keçirilməsinə oriyentir edib. İkincisi, indi gənclər arasında qarşılıqlı münasibətlər başqa cür qurulub. 15 il bundan əvvəl gənclər təşkilatları "yağışdan sonra çıxan göbələk" kimi yaranırdılar. Hər kəs təşkilat yaratmağı, özünü onun lideri kimi təqdim etməyi özünə borc bilirdi və təşkilatda neçə nəfərin üzv olması əhəmiyyət kəsb etmirdi, əsas o idi ki birinci olasan. Gənclərin bütün müzakirələri siyasi formata malik idi. Bu gün isə çox şey dəyişib. Hər şeyə münasibət daha düşünülmüş, effektivliyə yönələn daha mütəşəkkildir. Təşkilatlar artıq ayrı-ayrı gənclərin merkantilizm maraqlarının həyata keçirilməsi üçün deyil, konkret sosial və ya digər layihələrin real işləri üçün yaradılır. Bu müsbət irəliləyişdir.
Biz ona yaxınlaşırıq ki, fəal, praktiki siyasətlə heç nə veclərinə olanlar deyil, siyasətdə öz gələcəklərini görən şəxslər maraqlanırlar. Bu gün gənclik anlayışı artıq başqa mahiyyət daşıyır.
Lakin gənclərin intellektual rəqabət qabiliyyətliliyinin inkişafı üçün təhsil səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Gənclik dəqiq anlaya bilməlidir ki, həm şəxsi, həm də ümumilikdə ümumi inkişafın uğuru məktəbli və tələbə oturacağından asılıdır. Layiqli təhsil almadan yaxşı iş təmin edilməyəcək. Məsələn, bu gün müxtəlif dövlət strukturlarında onlarla vakant yerlər var. Biz dövlətə və cəmiyyətə var gücü ilə xidmət edə biləcək kreativ, intellektual gənc insanların axtarışındayıq. Bu, insanın məşğul olduğu işə tam gücünü sərf etməsi üçün mühüm komponentdir. Çünki dövlət və cəmiyyətin inkişafı yeni nəslin intellektual hazırlığındadır.
İntellektual rəqabət qabiliyyətlilik - bu, ilk növbədə, işdə özünü effektiv və lazımi halqa kimi göstərmək bacarığıdır. Əks halda, sadəcə olaraq zəncirdən düşəcəksən və heç kəslə rəqabət apara bilməyəcəksən. Bütün bunların hamısı intellektdən, köhnə məsələlərə innovasiyalı və yeni yanaşmalardan keçir. Yeni güc kimi gənclik bu yeni yanaşmanı görməyi və həyata keçirməyi bacarmalıdır.
- Ermənistanla informasiya müharibəsi kontekstində gəncliyimiz qarşısında hansı vəzifələr durur, bu gün ölkə xaricində təhsil alan gənclər buna hansı ciddi töhfəni verə bilərlər?
- Aktual məsələdir. Xaricdə olan, yaşayan, işləyən və təhsil alanlar qarşısında bir neçə vəzifə durur. Bu, milli ideya anlayışından irəli gələn missiyadır. Hər bir azərbaycanlı təkcə öz maraqlarının deyil, həm də milli maraqların təmsil olunmasında rolunu dəqiq dərk etməlidir. Bu gün başlıca prioritet maraq - dünya ictimaiyyətinə Qarabağ problemini, Azərbaycanın ədalətli mövqeyini, məsələnin tarixi mahiyyətini çatdırmaqdır. Bu barədə hamıya, hər yerdə və həmişə danışmaq lazımdır. Bu, Prezident İlham Əliyevin dəfələrlə dediyi "public diplomacy"nin də bir hissəsidir.
Xaricdə təhsil alan tələbələr hər bir müəllimin, onların ali məktəbinin, yataqxanasının hər bir tələbəsinin, qonşularının, dost və həmkarlarının Qarabağ problemi haqqında daha çox məlumatlı olmalarına görə konfrans və "dəyirmi masa"lar, müxtəlif təqdimatlar keçirmək üçün öz potensiallarından fəal surətdə istifadə etməlidirlər. Biz bu barədə iki həftə bundan əvvəl Fransa və Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş zamanı danışmışıq. Yeri gəlmişkən, diskussiyalar çox fəal keçib.
Bu gün xaricdə tələbələrimizin dostları gələcək diplomatlar, siyasətçilər, dövlət xadimləri, iş adamları və ictimai xadimlərdir. Bizim üçün vacibdir ki, problemimiz bizə əhatə edən hər kəs üçün daha başa düşülən olsun. Biz addım-addım, mərhələ-mərhələ hücum xarakterli xarici siyasəti həyata keçirməliyik.
Xaricdəki hər bir tələbə və hər bir şəxs bizim informasiya silahımızdır, düşmənimizin dayandırmağa hazırlaşmadığı, bizim informasiya qarşıdurmamızın mühüm elementidir. Buna görə də Ermənistan başa düşməlidir ki, o, yaxın gələcəkdə dünya ictimaiyyətində erməni işğalının reallıqları ilə, yalan və hiylənin dəf edilməsinə yönələn daha böyük təzyiqlə, daha böyük enerji ilə rastlaşacaq.
- 2011-ci ildə Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri hansılardır?
- Demokratikləşmə və son on ildə həyata keçirilən çoxvektorlu xarici siyasətin davam etdirilməsi, Azərbaycan vətəndaşlarının rifah səviyyəsinin yaxşılaşdırılması, regional inkişaf proqramının həyata keçirilməsinin davam etdirilməsi, ekoloji vəziyyətin stabilləşdirilməsi və təkmilləşdirilməsi. Tam aydındır ki, növbəti illər ərzində Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf edəcək, çünki bazis artıq formalaşıb.
Gələn il cəmiyyət Prezident İlham Əliyevin göstərdiyi hücum xarakterli xarici siyasətin gücləndirilməsi haqqında fikirləşməlidir. Burada əhəmiyyətli rol artıq cəmiyyətə, vətəndaş sektoruna məxsusdur, çünki Prezidentin hücum xarakterli xarici siyasət haqqında bəyan etdiyi tezislər təkcə dövlətin vəzifəsi deyil. Bundan sonra hər bir vətəndaş qarşısında duran missiyanı anlamalı və vəzifələrini həyata keçirməlidir.
Gələn ilin digər mühüm komponent Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli işində beynəlxalq təşkilatların vasitəçilik missiyalarının fəallaşdırılmasıdır. Bunu daha da uzatmaq çətin olacaq, həm Azərbaycanda, həm də Ermənistanda yeni, böyüməkdə olan nəsil münaqişəyə başqa cür baxacaq. Belə olan vəziyyətdə həll etmək daha çətin olacaq. Bu gün Qafqaz torpağında sülhü bərqərar etmək üçün bu potensialdan istifadə etməyə hələ ki imkan var.