...

Azərbaycanda istirahət mərkəzinin sahibi ayı saxladığına görə cərimə olunub

Cəmiyyət Materials 21 Dekabr 2010 10:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər (ETSN), Daxili İşlər və Vergilər nazirliklərinin birgə keçirdiyi reyd zamanı Binəqədi rayonu ərazisində yerləşən istirahət mərkəzindən 1 ayı götürülüb və istirahət mərkəzi hüquqi şəxs qismində cərimə olunub.
Azərbaycanda istirahət mərkəzinin sahibi ayı saxladığına görə cərimə olunub

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda istirahət mərkəzinin sahibi ayı saxladığına görə cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər (ETSN), Daxili İşlər və Vergilər nazirliklərinin birgə keçirdiyi reyd zamanı Binəqədi rayonu ərazisində yerləşən istirahət mərkəzindən 1 ayı götürülüb və istirahət mərkəzi hüquqi şəxs qismində cərimə olunub.

Trend-in çərşənbə axşamı ETSN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2010-cu ilin noyabr-dekabr aylarında nazirlik tərəfindən ictimai iaşə obyektlərində qeyri-qanuni şəraitdə saxlanılan vəhşi heyvanların götürülməsi ilə əlaqədar keçirilən reydlər zamanı 20-dən artıq qonur ayı, onlarla məməli və quş növləri götürülərək Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Heyvanlar baytar həkimlərin nəzarəti altında tam müayinə olunaraq, reabilitasiya dövrü keçdikdən sonra yaşayış məntəqələrindən uzaqda yerləşən meşə ərazilərinə buraxılıb.

Hazırda 3 qonur ayı və 2 qartalkimilər fəsiləsinə aid quş Klinikada reabilitasiya keçir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi humanizm və vətəndaşlıq mövqeyini rəhbər tutaraq Klinikanın inzibati binasının tikintisini, onun ən müasir baytar avadanlıqları, eləcə də məməli heyvanların və quşların müvəqqəti saxlanılması üçün qəfəs və volyerlə təchiz edilməsini, həmçinin kadrlarla komplektləşdirilməsini öz büdcəsi hesabına həyata keçirib.

Nazirlik götürülən heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında uzun müddət saxlayaraq vəhşi təbiətə qaytarmağa hazırlamalı olur. Nazirliyin büdcəsində isə belə məqsədlər üçün vəsait nəzərdə tutulmadığından Klinikada saxlanılan heyvanların qida ilə təmin olunması nazirliyin daxili imkanları və əməkdaşlarının entuziazmı hesabına həyata keçirilir.

Klinikalar bir qayda olaraq dövlət tərəfindən deyil, qeyri-hökumət təşkilatları və bələdiyyə orqanları tərəfindən yaradılır. Bu baxımdan heyvanların reabilitasiyası ideyasına rəğbətlə yanaşan Azərbaycanda fəaliyyət göstərən xarici və yerli təşkilatların Kilinikaya istər texniki, istərsə də maddi yardım göstərməsi səmərəli nəticələrin əldə olunmasına imkan yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanları qəfəsdə saxlayan obyekt sahiblərinə cərimə tətbiq etməklə yanaşı, bundan sonra götürülən heyvanların reabilitasiya xərclərinin onlar tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görür, eyni zamanda mövcud qanunlarda müvafiq dəyişikliklər edilməsi üzərində iş aparır.

Xəbər lenti

Xəbər lenti