...

Azərbaycanın informasiya ombudsmanının qurulmasında jurnalistlər də iştirak edəcək

Cəmiyyət Materials 21 Dekabr 2010 18:00 (UTC +04:00)
İnformasiya ombudsmanı səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə həvalə olunması çox böyük məsuliyyətdir.
Azərbaycanın informasiya ombudsmanının qurulmasında jurnalistlər də iştirak edəcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

İnformasiya ombudsmanı səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə həvalə olunması çox böyük məsuliyyətdir. Bu barədə jurnalistlərə çərşənbə axşamı ombudsman Elmira Süleymanova bildirib.

"Əslində bundan əvvəl də mandatımız dövlət orqanları, vəzifəli şəxslər tərəfindən pozulan hər bir hüququn bərpasına çalışmaq olub. Bura mühüm bir vəzifə də əlavə olundu", - Süleymanova deyib.

Azərbaycan Parlamenti çərşənbə axşamı informasiya müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsi barədə qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib.

Azərbaycanda ombudsmanın informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxma qaydaları "Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsində əks olunub.

Onun sözlərinə görə, informasiya ombudsmanının praktiki olaraq həvalə olunması xüsusi diqqət və yanaşma tələb edir.

"Qısa müddətdə jurnalistləri və informasiya ilə işləyən şəxsləri dəvət edib işin necə qurulmasına dair müzakirələr aparacağıq. İnformasiya ilə bağlı ayrıca şöbə yaradılacaq. Şöbələrə rəhbər və üzvlərin seçilməsində şəffaflıq təmin olunacaq. Bu prosesdə jurnalistlər də iştirak edəcək. Mənim zənnimcə, burada tək jurnalistlər yox, eyni zamanda informasiya daşıyıcıları da öz hüquqlarını bilməlidir", - Süleymanova bildirib.

O bildirib ki, informasiya əldə etmək tək jurnalistlərə aid deyil və hər bir kəs istənilən dövlət qurumundan tam dolğun informasiya ala bilər.

"Bunldan əvvəl də bizə informasiya almaq hüququnun pozulmasına dair müraciətlər daxil olub", - Süleymanova bildirib.

Xəbər lenti

Xəbər lenti