...

Türkiyənin Kocaeli vilayətində ümummilli lider Heydər Əliyevin adını daşıyan park istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2010 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir M.Əliyev/

Türkiyənin Kocaeli vilayətinin Qartəpə şəhərində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan park istifadəyə verilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildiriblər.

Türkiyənin mühüm turizm şəhərlərindən olan Qartəpədə 5 min kvadratmetr ərazidə salınmış parkda idman meydançaları, uşaqların istirahəti üçün guşələr inşa olunub. Qartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık çıxışında deyib ki, parka ulu öndər Heydər Əliyevin adının verilməsinin əsas məqsədi Qartəpədə də türk dünyasının bu dahi oğlunun əziz xatirəsini yaşatmaq və Türkiyə-Azərbaycan qardaşlığına daha bir töhfə verməkdir.

Park Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Kocaeli vilayətinin Qartəpə bələdiyyəsi arasında imzalanmış protokola əsasən salınıb. Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov, Kocaeli valisinin müavini Mustafa Ünlüsoy, bələdiyyə sədri İbrahim Karaosmanoğlu, Qartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, ictimaiyyət nümayəndələri, qardaş ölkədə yaşayan həmvətənlərimiz parkın açılışı münasibətilə keçirilən mərasimdə iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədov çıxışında tədbirin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsinə təsadüf etdiyindən, DİDK rəhbərliyinin soydaşlarımıza təbrikini çatdırıb. O, həmçinin parkın yüksək səviyyədə salınmasına görə Kocaeli Böyükşəhər Bələdiyyəsinə və Qartəpə bələdiyyəsinə DİDK rəhbərliyi adından təşəkkür edib. Məmmədov ulu öndər Heydər Əliyevin həyat yolu və fəaliyyəti haqqında məlumat verib, bu dahi şəxsiyyətin türk dünyası qarşısında, türk xalqlarının birliyi istiqamətində göstərdiyi xidmətlərdən danışıb. DİDK təmsilçisi ümummilli liderin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb və əlavə edib ki, Azərbaycan dövlət başçısının Türkiyə dövlətinin rəhbərləri ilə mehriban dostluq münasibətləri xalqlar arasındakı qardaşlıq münasibətlərinin də daim möhkəmlənməsinə müsbət təsir göstərir. Məmmədov qeyd edib ki, parkın yerləşdiyi ərazidə məskunlaşan əhalinin əksəriyyəti Azərbaycan əsillidir və burada Heydər Əliyev parkının salınması həm Azərbaycan dövlətinin, həm də Türkiyənin soydaşlarımıza hədiyyəsidir. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin çoxşaxəli olması üçün səylərin davam etdiriləcəyini də bildirib və bu işdə TADEF-in xüsusi rolunu vurğulayıb.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov isə Azərbaycanın bu gün qüdrətli və dünyada nüfuzu olan bir dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Türkiyənin bir çox şəhər və qəsəbələrində ümummilli liderimizin adını daşıyan parkların salınması, abidələrinin ucaldılması dahi liderin "bir millət, iki dövlət" adlandırdığı qardaş ölkələrimiz arasındakı möhkəm əlaqələrin təzahürüdür. TADEF sədri Bilal Dündar bu gözəl parkın Türkiyə ilə Azərbaycanın tərəqqisinə misilsiz töhfələr vermiş Heydər Əliyevin adını daşımasını yüksək qiymətləndirib, buna görə Kocaeli vilayəti və Qartəpə şəhərinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbir Türkiyənin yerli mediasında geniş işıqlandırılıb və Diasporla İş üzrə Dövlət Komitəsinin bu işin təşkilində göstərdiyi səylər xüsusi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti