Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda məhkumların yazdığı şeirlərdən ibarət kitab geniş oxucu kütləsinə təqdim olunub.
Trend-in məlumatına görə, "Zaman ömürdür keçər" adlı kitabın bu gün təqdimat mərasimi keçirilib. Kitabda 48 məhkum şairin 125 şeiri və 2 hekayəsi toplanıb.
Şeirlərdə məhkumların Vətən, Qarabağ, torpaq, ailə, övlad, məhəbbət haqqında duyğuları önə çəkilir.
Bu qəbildən sayca ikinci olan kitab Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin layihəsi əsasında çap olunub. Kitaba xalq şairi Fikrət Qoca rəy verib.
Kitabın üz qabığında və içində yer alan şəkillərin də müəllifləri məhkumlardır.
Tədbirdə millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, səfirliklərin təmsilçiləri, kitabda şeirləri yerləşdirilmiş 4 məhkum və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov penitensiar sistemdə həyata keçirilən islahatlar, məhkumların asudə vaxtlarının səmərəli təşkili, saxlanma şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə geniş məlumat verib. Belə bir kitabın çap olunmasını penitensiar sistemdə əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirən tədbir iştirakçıları vurğulayıblar ki, məhkumlar üçün belə şəraitin yaradılması onların cəmiyyətə reablitasiyası üçün xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, məhkumların yaradıcılığını əks etdirən bu iki kitabın nəşri sonrakı nəşrlər üçün mühüm təməl olacaq.
Tədbirdə məhkumların şeirləri dinlənilib. Kitabda şeirləri yerləşdirilən 4 məhkuma Ələkbərovun əmri ilə qısamüddətli məzuniyyət verilib.
Tədbirin sonunda məhkumların əl işlərindən ibarət sərgi təşkil olunub.