...

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 Yanvar 2011 13:50 (UTC +04:00)
Yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Polisi gücləndirilmiş iş rejimində çalışacaq.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq (ƏLAVƏ OLUNUB)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun məlumatı əlavə olunub (ilk xəbər saat 11:55-də yayılıb).

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb.

Plana əsasən, yanvarın 20-si səhər saat 07:00-dan axşam saat 18:00-dək Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn küçəsindən Teleteatradək yollar bağlanacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Şəhidlər xiyabanını ziyarət saat 11:00-dan başlayacaq və 19:00-dək davam edəcək.

Ziyarətə gələnlər 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər.

Yanvarın 20-də saat 12:00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də saat 08:00-dan mərasim qutaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdihüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Parlament prospekti boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən, əhalidən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Parlament prospekti vasitəsilə müəyyən istiqamətə hərəkət edənlər alternativ yollardan istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti