...

Azərbaycan Ali Məhkəməsinin kollegiyaları hesabat verib

Cəmiyyət Materials 18 Yanvar 2011 14:53 (UTC +04:00)
Ali Məhkəmədə baxılan işlərin sayında Mülki işlər üzrə kollegiyada 6,4, İnzibati-iqtisadi kollegiyada 33,7, Cinayət kollegiyasında isə 15,4 faiz artım müşahidə olunub.
Azərbaycan Ali Məhkəməsinin kollegiyaları hesabat verib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycan Ali Məhkəməsinə mülki, cinayət və inzibati-iqtisadi mübahisələrə dair daxil olan müraciətlərin sayı artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ali Məhkəmənin Plenumunun iclasında məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmədə baxılan işlərin sayında Mülki işlər üzrə kollegiyada 6,4, İnzibati-iqtisadi kollegiyada 33,7, Cinayət kollegiyasında isə 15,4 faiz artım müşahidə olunub.

Ali Məhkəmənin Hərbi işlər üzrə kollegiyasında baxılan işlərin sayında 7 faiz azalma olub.

Ümumilikdə Ali Məhkəmədə baxılan işlərin sayı 10,1 faiz artıb.

İclasda Ali Məhkəmənin kollegiyalarının hesabatları dinlənilib.

2009-cu ildə Ali Məhkəmədə 4 min 862 işə baxılmışdısa, ötən il bu göstərici 5 min 354 iş olub.

Plenumun ötən il 7 iclası keçirilib və 48 qərar qəbul olunub.

Ötən il Ali Məhkəməyə 19 min 918 müraciət daxil olub. Bu isə 2009-cu ildəkindən 10,6 faiz azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 8,5 faiz azalıb.

Plenumda qeyd edilib ki, bu, aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi və iş prinsipinin sabitliyi sayəsində mümkün olub.

Plenumun iclasında bu ilin birinci yarısına dair iş planı təsdiq olunub.

İclasda "Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ilə bağlı" məhkəmə təcrübəsinin ümumiləşdirilməsi müzakirə olunub.

Bu məsələ ilə bağlı aparılan məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı məhkəmələrin yol verdiyi nöqsanlar müzakirə olunub və bununla bağlı qərar qəbul edilib.

Plenumun iclasında konkret cinayət və mülki işlərə baxılıb.

Xəbər lenti

Xəbər lenti