...

"Azərbaycan dünyası" jurnalının Ukrayna-Azərbaycan dostluğuna həsr olunmuş buraxılışının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2011 15:36 (UTC +04:00)
"Azərbaycan dünyası" jurnalının Ukrayna-Azərbaycan dostluğuna həsr olunmuş buraxılışının təqdimatı keçirilib. Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən təqdimat mərasimində jurnalın təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov Azərbaycan və Ukraynanın dostluq əlaqələrindən danışıb.
"Azərbaycan dünyası" jurnalının Ukrayna-Azərbaycan dostluğuna həsr olunmuş buraxılışının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir T.Hacıyev/

"Azərbaycan dünyası" jurnalının Ukrayna-Azərbaycan dostluğuna həsr olunmuş buraxılışının təqdimatı keçirilib. Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən təqdimat mərasimində jurnalın təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov Azərbaycan və Ukraynanın dostluq əlaqələrindən danışıb. O, qeyd edib ki, Ukraynada Azərbaycana qarşı böyük sevgi var. Azərbaycan və Ukrayna xalqlarının dərin tarixi köklərə əsaslanan bağlantıları var. Bütün bu dostluq münasibətlərini nəzərə alaraq jurnalın 101-ci sayı bu münasibətlərə həsr olunub.

"Bu gün Azərbaycan və Ukrayna beynəlxalq arenada öz milli maraqlarına əsaslanan strateji xətt sərgiləyən müstəqil dövlətlərdir. Eyni zamanda, biz strateji partnyorlarıq və bu, bizim əlaqələrimizin səviyyəsindən xəbər verir. Ümid edirəm ki, bizim jurnalımız Azərbaycan-Ukrayna münasibətlərinin bu günkü vəziyyətini tam şəkildə əks etdirməyi bacaracaq", - İsmayılov deyib.

Daha sonra qeyd olunub ki, "Dədə Qorqud" milli fondu və "Azərbaycan Dünyası" vətən qarşısındakı xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "Vətən övladı", anası Şamama İbrahimovanı "Mehriban ana" mükafatına layiq görüb. Bundan əlavə şəhid hərbçilər Fərid Əhmədov və Əhməd Abdullayevin analarına da mükafatlar təqdim olunub.

"Azərbaycan Dünyası" jurnalı 1998-ci ildə təsis olunub. Ölkədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunan ilk çoxtirajlı jurnaldır. Jurnalın səhifələrində Azərbaycanın iqtisadiyyat, siyasət və mədəniyyət sahəsindəki uğurları əks olunur. Jurnal eyni zamanda, "Dədə Qorqud" mükafatının və "Vətən Övladı" qızıl medalının təsisçisidir.

Xəbər lenti

Xəbər lenti