Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşavirinin də olduğu dəstənin məhkəməsi davam edib. Trend-in məlumatına görə, bu gün keçirilən prosesdə təqsirləndirilənlərdən ikisi son söz deyib. Proses fevralın 9-da digər təqsirləndirilənlərin son sözü ilə davam etdiriləcək.
Hüseyn Qurbanov, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayev və Racu Mehrəliyev 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın edərək mənzildə olan azyaşlılar - Əmir Kərimli və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq evdən 200 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar.
Onlar Cinayət Məcəlləsinin quldurluq (181.2.1;181.2.3-cü), qəsdən sağlamlığa yüngül zərər vurma (128-ci), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228-ci) və oğurluq (177-ci) maddəsi ilə ittiham olunurlar.
Prokuror Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev, Elnur Mirzəliyev və Mirzə Ağayevin hər birinə 13, Hüseyn Qurbanovun 13 il 6 ay, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.