Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Hacıyev/
Yaxın zamanlarda dövlət elan və reklamlarının KİV-də, xüsusən də çap mediasında yerləşdirilməsi mexanizmi formalaşdırılacaq. Trend-in Mətbuat Şurasına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan MŞ-nin sədri Əflatun Amaşov Beynəlxalq Media Müdafiə Təşkilatının (İnternational Media Support - İMS) böyük müşaviri Henrik Keit Hansenlə çərşənbə axşamı keçirdiyi görüşdə deyib.
"Medianın iqtisadi müstəqilliyini artırmaq üçün digər vasitələr də nəzərdən keçirilir. Mövcud sahədəki Türkiyə təcrübəsinə daha çox üstünlük verilir. Bununla belə, bir sıra Avropa ölkələrinin də iş prinsipi diqqətə alınır", - Amaşov əlavə edib.
Avropalı qonaq mərkəzi ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşən İMS-nin fəaliyyət istiqamətləri barədə məlumat verib və Azərbaycana səfərinin məqsədlərindən danışıb. Hansen bildirib ki, təmsil etdiyi təşkilat üçün Azərbaycanda medianın inkişaf durumunu, xüsusən də iqtisadi vəziyyətini, media-menecment məsələlərini öyrənmək mühüm əhəmiyyət daşıyır. Bu təhlillər qurumun gələcəkdə mövcud istiqamətdəki layihəsinə dəstək baxımından önəmlidir. Cənab Hansen, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən aparıcı media orqanlarının təmsilçiləri ilə də müzakirələr planlaşdırıb.
Amaşov Azərbaycanda medianın iqtisadi durumunun yaxşılaşdırılmasına yönələn tədbirlərdən söz açıb, bu istiqamətdəki dövlət siyasəti üzərində dayanıb.
"Azərbaycan Mətbuat Şurası da müxtəlif vaxtlarda təkliflər irəli sürüb. Həmin təkliflər nəzərə alınıb. 2008-ci ildə ölkədə kütləvi informasiya vasitələrinin inkişafına əsaslı yardımı nəzərdə tutan dövlət dəstəyi konsepsiyası qəbul olunub. Sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun fəaliyyəti media orqanlarının gələcəkdə müstəqil iqtisadi struktura malik olmaları üçün bir növ, baza formalaşdırmağa yönəlib. Hazırda qurum KİV-lərin və jurnalist birliklərinin ictimai, sosial, mədəni, eyni zamanda media həyatının müxtəlif sahələrinə dair təşəbbüslərini layihələr şəklində dəyərləndirir, maliyyələşdirməklə həyata keçirir. Bu mexanizm media təşkilatlarına yardımı nəzərdə tutur, həmçinin onların prioritet istiqamətlər üzrə fəaliyyət intensivliyini artırır", - Amaşov qeyd edib.
Mediada idarəetmənin və menecmentin vacibliyini önə çəkən Amaşov vurğulayıb ki, məsələ ilə bağlı KİV rəhbərlərinin daha yaxından maarifləndirilməsinə ehtiyac duyulur. MŞ sədri mövcud istiqamətdə İMS-nin təcrübəsinin öyrənilməsini rəhbərlik etdiyi qurum üçün əhəmiyyətli sayıb.