Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir M.Əliyev/
Bələdiyyələrlə bağlı hər rayon üzrə görülən işlər Milli Məclisdə müzakirə olunmalıdır. Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Qənirə Paşayeva Parlamentin cümə günü keçirilən iclasında çıxış edib.
Paşayevanın sözlərinə görə, millət vəkilləri təmsil etdikləri rayonda seçiciləri tərəfindən
göndərilən müraciətləri bir yerdə müzakirə etməlidirlər.
"Ümumi hesabatlar daxilində hər rayon üzrə bələdiyyələrlə bağlı ayrıca hesabat təqdim etməlidirlər. Bu, bədələdiyyələrlə bağlı gələcək inkişafa doğru mühüm addım olardı", - millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, hər bir bələdiyyə fəaliyyəti üzrə hesabat verməlidir.
Paşayeva bildirib ki, vətəndaş institutu olaraq bələdiyyələr çox təəssüf ki belə hesabatları necə verməklə bağlı aydın təsəvvürə malik deyillər.
"Çünki hazırda bələdiyyələr öz aralarında kiçik toplantı şəklində hesabatı biri-birinə verirlər. Əslində bu hesabat 2-3 nəfərə deyil, bütün ictimaiyyətə verilməlidir. Bu hesabatın formaları artıq qanunvericilikdə mövcuddur. Təəssüf, çox az bələdiyyə bu formalar barədə məlumatlıdır", - Paşayeva vurğulayıb.
Millət vəkili hesab edir ki, Milli Məclis qanunvericilik əsasında bələdiyyələrin hesabatlarını tələb etməlidir.
"Bələdiyyələr yeni institut olduğu üçün hamılıqda bu struktura kömək etməliyik. Bələdiyyələrin fəaliyyətinin güclənməsində ən vacib amil büdcə məsələsidir. Bəzi problemlər öz həllini taparsa, bələdiyyələrin büdcəsinə təsir edər", - millət vəkili deyib.
Onun sözlərinə görə, xeyli sayda vətəndaşların torpaqlarının sənədləri var, lakin orada tikinti aparmaqla bağlı icazəsi yoxdur. O, hesab edir ki, bu məsələyə kompleks yanaşılmalıdır.
"Reklam şitlərindən, avtodayanacaqlardan gələn gəlirlər bələdiyyələrin büdcəsinin formalaşdırılmasında mühüm rol oynaya bilər, lakin bununla bağlı kifayət qədər problem var. Əsasən də bu problemlər Bakıda mövcuddur. Əgər qanunvericilikdə bu gəlirlərin bələdiyyələrə məxsus olması təsbit edilibsə, bu, təmin olunmalıdır", - millət vəkili deyib.
Hazırda Azərbaycanda ildə bir dəfə Parlamentə ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat verilir.