...

Şeyxülislam Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib

Cəmiyyət Materials 23 Fevral 2011 16:29 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib.
Şeyxülislam Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə çərşənbə günü Trend-ə QMİ-dən bildiriblər.

Müraciətdə bildirilir ki, Xocalı faciəsi hələ də tarixin mühakiməsinə verilməyib, bu misli görünməmiş soyqırımı faktı dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməyib, layiqli siyasi qiymətini almayıb.

"Biz bir daha dünya ictimaiyyətinə xatırlatmaq istərdik ki, 19 il bundan əvvəl 26 fevral tarixində Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisi amansız basqına məruz qalıb, yüzlərlə insan qətlə yetirilib, qadınlara, qocalara, uşaqlara belə rəhm olunmayıb, meyitlərin üstündə eybəcər, təhqiramiz həqarətlər edilib", - müraciətdə deyilir.

Şeyxülislam Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərə biganəliyi terrorizmi ruhlandırmaq kimi qiymətləndirildiyini bildirib. "BMT-nin Azərbaycan torpaqlarının işğalına dair qəbul etdiyi qətnamələrdə erməni qoşunlarının qəsb olunmuş ərazilərdən çıxarılması tələbinin öz əksini tapmasına baxmayaraq, Ermənistan hələ də təcavüzkar siyasətindən əl çəkmək istəmir. Beynəlxalq birlik BMT qətnamələrinin, hüquqi prinsip və normaların mahiyyətinə uyğun olaraq, malik olduğu mexanizmlərdən istifadə etməklə qeyri-qanuni vəziyyətə son qoymalı, Ermənistanı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə hörmət etməyə vadar etməlidir. Öz cəzasızlığından ilhamlanan Ermənistan hər an atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir", - müraciətdə bildirilir.

Şeyxülislam Qarabağ münaqişəsinin ədalətli həllində dünya dini liderlərini və beynəlxalq təşkilatları dəstək olmağa, haqq səsinə səs verməyə çağırıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti