...

Azərbaycan ombudsmanı ali təhsil müəssisələrində rüşvətin qarşının alınması ilə bağlı təkliflər irəli sürüb

Cəmiyyət Materials 1 Mart 2011 17:04 (UTC +04:00)
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində imtahan və məqbulların keçirilməsi zamanı yol verilən özbaşınalıq, qiymət müqabilində rüşvət alınması halları cəmiyyətdə ciddi narazılıqlarla qarşılanır.
Azərbaycan ombudsmanı ali təhsil müəssisələrində rüşvətin qarşının alınması ilə bağlı təkliflər irəli sürüb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində imtahan və məqbulların keçirilməsi zamanı yol verilən özbaşınalıq, qiymət müqabilində rüşvət alınması halları cəmiyyətdə ciddi narazılıqlarla qarşılanır. Trend-in məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə illik məruzədə bildirilir.

Məruzədə qeyd olunur ki, bu kimi hallar təhsilin inkişafına, yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanmasına maneçilik törədir.

Azərbaycanın insan haqları üzrə müvəkkili illik məruzəsində qeyd edilən halların qarşısının alınması məqsədi ilə müəllimlərin imtahan və məqbulların keçirilməsi prosesindən kənarlaşdırılması və insan amilindən istifadənin qarşısının alınması, biliyin test vasitəsilə qiymətləndirilməsi üsulunun tətbiq edilməsini təklif edir. "Bu üsulun tətbiqi təhsilin keyfiyyətinin artmasına, müəllim-tələbə münasibətlərinin saflaşmasına, həmçinin tələbələrin məsuliyyətinin artmasına kömək edə bilər", - ombudsmanın hesabatında qeyd olunur.

2010-cu ildə təhsil hüququnun pozulması ilə bağlı müvəkkilin ünvanına 341 şikayət daxil olub.

Ombudsmanın hesabatında bildirilir ki, əksər ali təhsil müəssisələrində müəllimlər tərəfindən onların və ya kafedraların digər müəllimlərinin müəllifi olduqları tədris vəsaitlərinin və dərs kitablarının zorla, hətta olduqca baha qiymətə tələbələrə satılması halları da narazılıqla qarşılanır. Hesabatda qeyd olunur ki, həmin kitabları almaqdan imtina edən tələbələr bir sıra hallarda müəllimlər tərəfindən təzyiqlərə məruz qalır, imtahan və məqbullarda bilikləri qeyri-kafi qiymətləndirilir.

Azərbaycanda hazırda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 15-i özəldir.

İnsan haqları üzrə müvəkkilin illik məruzəsi Milli Məclisdə martın 4-də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti