Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İ.Hüseynov/
Müsəlman cəmiyyətləri ilə əməkdaşlıq üzrə ABŞ-ın xüsusi nümayəndəsi Fara Pandit və Anti-Semitizmə qarşı mübarizə üzrə ABŞ səlahiyyətli elçisi Hanna Rozental 10-17 mart tarixlərində Türkiyə, Azərbaycan və İspaniyaya səfər edəcəklər. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər yayıb.
Məlumata əsasən, Pandit və Rozental Azərbaycana səfər çərçivəsində vətəndaş cəmiyyətinin üzvləri və gənc fəallar ilə görüşlər keçirəcəklər. Bununla bərabər onlar ABŞ administrasiyası tərəfindən hazırlanmış "Nifrət əleyhinə 2011 Dəqiqə" adlı kampaniyanı təqdim edəcəklər.
Türkiyədə ABŞ təmsilçiləri hökumət rəsmiləri və ictimai təşkilatların nümayəndələri ilə dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə edəcək.
İspaniyaya səfər zamanı onlar həmçinin dini icmaların nümayəndələri ilə görüş keçirəcək.
Məlumata əsasən, dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlara hörmət nümayiş etdirmək məqsədiylə ABŞ nümayəndələri hər üç ölkədə mühüm tarixi abidələri ziyarət edəcəklər.