Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir T.Hacıyev/
Mətbuat Şurası iki qəzet haqqında hüquq mühafizə orqanlarına şikayət edəcək. Trend-in Mətbuat Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar şuranın Şikayətlər üzrə komissiyasının iclasında qəbul olunub.
İclasda "Bizim dövr" qəzeti barədə çoxsaylı şikayətlərin ünvanlanmasına xüsusi diqqət yetirilib. Qəzetin adının şuranın "qara siyahı"sında yer aldığına görə toplanmış sənədlərin inzibati orqanlara göndərilməsi üçün Mətbuat Şurasının İdarə Heyəti qarşısında məsələ qaldırılması məqsədəuyğun sayılıb.
"Son olay" qəzeti haqqında təqdim olunan arayış və məsələ ilə əlaqədar toplanmış sənədlər nəzərdən keçirilərək rəyə gəlinib ki, məsələnin mahiyyətində hüquq-mühafizə orqanlarının araşdırılmalı olduğu məqamlar mövcuddur. Qəzetin adının "reket qəzet" kimi şuranın "qara siyahı"sına salınması əsas götürülərək nəşrlə bağlı toplanmış materialların Beyləqan rayon prokurorluğuna göndərilməsi də məqsədəmüvafiq sayılıb.
Digər şikayətlər "Azərbaycan gündəmi", "Ədalət carçısı" və "Cəmiyyət" qəzetləri ilə bağlı olub. Hər üç qəzetlə bağlı araşdırmanın Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə komissiyası tərəfindən davam etdirilməsi məqsədəuyğun sayılıb.