...

Azərbaycanın Ələt qəsəbəsindəki palçıq vulkanlarında ciddi aktivlik müşahidə olunur - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 14 Mart 2011 12:23 (UTC +04:00)
Azərbaycanın Ələt qəsəbəsində yerləşən Daşgil və Ayrantökən palçıq vulkanlarında da ciddi aktivlik müşahidə olunur.
Azərbaycanın Ələt qəsəbəsindəki palçıq vulkanlarında ciddi aktivlik müşahidə olunur - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ələt qəsəbəsində yerləşən Daşgil və Ayrantökən palçıq vulkanlarında da ciddi aktivlik müşahidə olunur. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.

Nazirliyin məlumatında qeyd olunub ki, martın 13-də Qobustan rayonunun Şıxzəyirli kəndi yaxınlığında püskürmüş Şıxzəyirli palçıq vulkanında nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamentinin və Geoloji Kəşfiyyat Xidmətinin elmi işlər üzrə mütəxəssisləri araşdırma aparıblar.

Araşdırma zamanı palçıq vulkanının püskürməsi nəticəsində külli miqdarda palçıq lavasının ətraf ərazilərə axdığı və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatların əmələ gəldiyi məlum olub.

Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb, istilik isə 3 kilometr məsafəyədək hiss olunub.

Püskürmüş Şıxzəyirli palçıq vulkanından təqribən 600-700 metr məsafədə yaşayış evləri yerləşdiyindən, əraziyə aidiyyəti qurumlar tərəfindən gün ərzində nəzarət olunur.

Hazırda palçıq vulkanının müxtəlif yerlərində səs-küylə müşayiət olunan qaz çıxır və alovun hündürlüyü 2 metrə çatır.

Təqribən 6-7 ildən bir aktivləşən Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2005-ci ildə püskürüb. Lakin bu dəfəki püskürmə daha güclü partlayışla müşayiət olunub.

Xəbər lenti

Xəbər lenti