...

Azərbaycanda ailə psixoloqu institutu yaradılmalıdır - Dövlət Komitəsi

Cəmiyyət Materials 15 Mart 2011 16:41 (UTC +04:00)
Komitənin sədr müavini Aynur Sofiyeva çərşənbə axşamı Trend-ə müsahibəsində bu barədə məlumat verib və bildirib ki, bu istiqamətində komitə tərəfindən iş aparılır.
Azərbaycanda ailə psixoloqu institutu yaradılmalıdır - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ailə psixoloqu institutunun yaradılmasını vacib sayır.

Komitənin sədr müavini Aynur Sofiyeva çərşənbə axşamı Trend-ə müsahibəsində bu barədə məlumat verib və bildirib ki, bu istiqamətində komitə tərəfindən iş aparılır.

Komitə rəsmisi son illər ərzində insanların psixoloji problemlərinin həllində bu institutun fəaliyyətini zəruri hesab edir.

"İnsanların kütləvi informasiya vasitələrindən, internetdən, ətrafdan aldığı stressin qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. İnsanlar arasında intihar hallarına çox rast gəlinir. Problemdən çıxış yolu ailə psixoloqu institutunun yaradılmasıdır", - Sofiyeva vurğulayıb.

O, Azərbaycanda ailə psixoloqlarının yox dərəcəsində olduğunu və bu istiqamətdə iş aparılmasını vacib sayır.

Son vaxtlar uşaqlar arasında intihar hallarının artmasını problem kimi qəbul edən sədr müavini, bu halların baş verməsində valideynləri qınayıb.

Bu məsələdə əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü deyən Sofiyeva qeyd edib ki, valideynlər uşaqlara qarşı diqqətli olmalı, onların psixoloji durumunda dəyişiklik müşahidə etdiyi halda təxirə salınmadan psixoloqa müraciət etməlidirlər.

"Uşaq birdən-birə intihar etməyə qərar vermir. Onların psixoloji durumu tədricən intihar vəziyyətinə gətirib çıxarır. Bəzən valideynlər deyir ki, mən hiss edirdim ki, uşaq özünə qapanıb, hərəkətlərində qəribəlik var idi. Valideynlər bu halı aşkar edən kimi mütəxəssislərə müraciət etməlidirlər. Vaxtında müraciət olunarsa, intiharların qarşısını almaq mümkündür. Həmçinin müəllimlər, məktəb psixoloqları da uşaqlara qarşı diqqətli olmalıdırlar", - komitə rəsmisi vurğulayıb.

Problemə kompleks yanaşmanı vacib sayan Sofiyeva cəmiyyətdə psixoloq köməyindən istifadə ilə bağlı formalaşmış yanlış fikrin problemlə mübarizədə mənfi təsir göstərdiyini deyir.

"Təəssüflər olsun ki, Azərbaycanda psixoloqa müraciət etmək cəmiyyət tərəfindən normal qəbul edilmir. İnsanlar yanlış qəbul olunacağından ehtiyat edərək psixoloq yardımından istifadə etmək istəmirlər. Fikrimcə, formalaşmış bu yanlış fikir tədricən aradan qalxacaq", - komitə rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti