...

Azərbaycan hökuməti şəffaflığın artırılması məqsədi ilə elektron viza sistemini tətbiq edəcək - Fuad Ələsgərov (MÜSAHİBƏ)

Cəmiyyət Materials 16 Mart 2011 15:02 (UTC +04:00)
Azərbaycan hökuməti şəffaflığın artırılması məqsədi ilə elektron viza sistemini tətbiq edəcək
Azərbaycan hökuməti şəffaflığın artırılması məqsədi ilə elektron viza sistemini tətbiq edəcək - Fuad Ələsgərov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Hazırda miqrasiya prosesləri çox sürətlə inkişaf edir. Miqrasiya axınlarının böyük bir hissəsi əməkçi miqrantların yerdəyişməsi ilə bağlı olsa da, turist miqrasiyası da bu prosesdə mühüm yer tutur. Qarşıdan yaz və yay turizm mövsümiləri yaxınlaşır. Eyni zamanda, 2011-ci il ölkəmizdə "Turizm ili" elan olunmuşdur. Bununla bağlı miqrasiya proseslərinin idarə olunmasında müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd olunan məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova müraciət etdik.

- Fuad müəllim, 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması ilə əlaqədar miqrasiya sahəsində nə kimi tədbirlərin görülməsi nəzərdə tutulur?

- Məlum olduğu kimi 2011-ci il fevralın 15 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncamın məqsədi ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasıdır. Sərəncamda Nazirlər Kabinetinə tədbirlər planının hazırlanması tapşırığı verilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həmin Sərəncamın və "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli Sərəncamın icrası çərçivəsində Azərbaycanda turizmin inkişaf etdirilməsi, turistlərə vizaların verilməsi qaydalarının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə müvafiq Qanun layihəsi hazırlanaraq, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir.

- Mümkündürsə, qanun layihəsinin mahiyyəti barədə məlumat verərdiniz.

Qanun layihəsinə əsasən bundan sonra turistlərin turizm şirkətləri vasitəsilə viza alması asanlaşacaq. Belə ki, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) birbaşa əcnəbilərin yaşadığı ölkədəki Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına, Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilər üçün isə üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına müraciət edə biləcəklər. Vizalar elektron formada tərtib ediləcək və sorğu edən turizm şirkətinin elektron poçt ünvanına göndəriləcək.
Elektron qaydada verilən viza pasporta yapışdırılmayacaq və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunacaq.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqları "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulub və onlar tərəfindən viza verilməsi üçün tələb olunan zəruri məlumatların əldə edilməsi təmin olunub.
Turizm şirkətləri üçün müəyyən edilmiş digər bir imkan viza almaq üçün sənədlərin poçt vasitəsilə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına göndərilməsidir. Bu halda viza rəsmiləşdirilərək, şəxsin pasportu və digər sənədləri (səfirlikdə və ya konsulluqda qalmalı sənədlər istisna olmaqla) poçt vasitəsilə turizm şirkətlərinə qaytarılacaq.

- Bəs turist vizası üçün təqdim olunan sənədlərin siyahısında və ya müraciətlərə baxılması müddətlərində dəyişiklər ediləcəkmi?

- Qanun layihəsində səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlər müəyyən edilmişdir. Bunlar - turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənədlərdir.
Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği barədə, habelə digər məlumatlar Xarici İşlər Nazirliyinin, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdiriləcək.
Layihədə turistlərə viza verilməsi üçün müraciətlərə ən geci 15 gün müddətində baxılması nəzərdə tutulur.
Yeni qaydalara əsasən verilən turist vizası 30 günədək ölkədə qalmaq imkanı verəcəkdir.

- Səhv etmiriksə, bu yaxınlarda vizaların rəsmiləşdirilməsi ilə bağlı daha bir sənəd qəbul edilmişdir? Yeni qanun layihəsinin həmin sənədlə hər hansı əlaqəsi varmı?

- 2010-cu il sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərman imzalanmışdır. Həmin Fərmanla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə (o cümlədən, beynəlxalq hava limanlarında) müraciət etdiyi hallar müəyyən edilmişdir. Bu Fərman qüvvədədir və dövlət orqanları tərəfindən uğurla tətbiq edilir. Yeni qanun layihəsi isə qeyd etdiyimiz kimi turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsinə yönəlmişdir. Turistlərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti