...

Azərbaycan təhsil naziri qış imtahan sessiyası zamanı daxil olmuş şikayətlərin məzmununu açıqlayıb

Cəmiyyət Materials 18 Mart 2011 15:58 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə günü 2011-ci ilin yanvar və fevral aylarında nazirliyə daxil olmuş müraciətlərə baxılması vəziyyəti ilə bağlı iclas keçirib.
Azərbaycan təhsil naziri qış imtahan sessiyası zamanı daxil olmuş şikayətlərin məzmununu açıqlayıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə günü 2011-ci ilin yanvar və fevral aylarında nazirliyə daxil olmuş müraciətlərə baxılması vəziyyəti ilə bağlı iclas keçirib. Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

İclasda nazir bildirib ki, qış imtahan sessiyası dövründə ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilmiş 200-dən çox müraciətin 69-da şikayət və nöqsanlardan bəhs olunub. Nazirin sözlərinə görə, imtahan sessiyasının gedişi ilə əlaqədar Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Tibb, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Azərbaycan Dillər, Sumqayıt Dövlət universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələrin daha çox apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə kömək göstərilməsini xahiş ediblər.

Mərdanov bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbə əməkdaşlarının ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar apardıqlarını və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirildiyini bildirib.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə cari ilin ilk iki ayı ərzində 3 mindən çox müraciət qəbul edilib ki, onların 10 faizi şikayət xarakterlidir.

Nazir həmçinin bildirib ki, fevral ayında Ağcabədi rayonu Qiyamadınlı kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəlliməsi A.Əmrahovanın diplomları saxta olduğu üçün onlar tutduqları vəzifədən azad edilib, müvafiq sənədlər Respublika Baş Prokurorluğuna göndərilib. Misir Mərdanov onu da deyib ki, Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor müavini N.Əliyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin məktəbin direktoru İ.Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xəbər lenti

Xəbər lenti