...

Quba məzarlığından aşkar edilmiş sümüklərin qorunmasına dair tədbirlər 6 aya tamamlanacaq

Cəmiyyət Materials 30 Mart 2011 17:13 (UTC +04:00)
Quba məzarlığından aşkar edilmiş sümüklərin xarici mühit faktorlarının təsirindən qorunması və mövcud zorakılıq izlərinin itməsinin dayandırılması istiqamətində görülən tədbirlər yaxın 6 ay müddətində tamamlanacaq.
Quba məzarlığından aşkar edilmiş sümüklərin qorunmasına dair tədbirlər 6 aya tamamlanacaq

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Quba məzarlığından aşkar edilmiş sümüklərin xarici mühit faktorlarının təsirindən qorunması və mövcud zorakılıq izlərinin itməsinin dayandırılması istiqamətində görülən tədbirlər yaxın 6 ay müddətində tamamlanacaq. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev məlumat verib.

Musayevin sözlərinə görə, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibbi-kriminalistika şöbəsinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.

10 aprel 2007-ci il tarixdən başlayaraq işçi qrupu Baş Prokurorluq tərəfindən ekspertiza qarşısında qoyulan məsələlərin həlli üçün, qətl qurbanlarının quyulandığı yerdən dəfələrlə götürülmüş və kompleks qaydada çoxsaylı məhkəmə-tibbi tədqiqatlara məruz qalmış sümük qalıqlarının xarici mühit faktorlarının təsirindən qorunması və mövcud zorakılıq izlərinin itməsinin dayandırılması məqsədilə onların üzərində dünya ekspert praktikasında hamı tərəfindən qəbul edilmiş tədbirlər həyata keçirib.

İlk növbədə, skelet sümüklərinin (ümumilikdə 7432 ədəd) sayı və onların çürümə prosesinin və dağılma mərhələsinin mövcud vəziyyəti öyrənilib, xarici mühitin faktorlarının (hava, rütubət, günəş, mikroorqanizmlər, həşəratlar və s.) təsirindən sümük qalıqlarının dağılmasının və onlardakı zorakılıq izlərinin itməsinin qarşısı alınıb.

Sonra bunlarla bağlı zəruri reaktivlər əldə edilib və onların qarışığından hazırlanaraq ayrı-ayrı xüsusi məhlullarda həmin skelet sümükləri aylarla saxlanılıb.

Son mərhələdə 7432 ədəd sümük və onların fraqmentlərinin üzərilərinə xüsusi fiksəedici məhlullar çəkilib.

Baş direktor bildirib ki, bu prosesin düzgün və dürüst həyata keçirilməsi üçün onun bir neçə dəfə təkrarlanması vacibdir və bunun üçün azı 1,2-1,6 il vaxt tələb olunur.

"Demək olar ki, yaxın altı ay müddətinə bu proses tam başa çatdırılacaq. Soyqırım qurbanlarının cəsədlərinin qalıqlarında gedən çürümə və dağılma proseslərinin bu formada dayandırılması sözügedən sümüklərin və onların üzərilərində aşkar edilmiş işgəncə xarakterli zorakılıq əlamətlərinin xarici mühit faktorlarının (hava, rütubət, mikroorqanizmlər və s.) hər hansı bir təsirindən qorunmasına, hətta onların istənilən şəraitdə uzun müddətə saxlanılmasına zəmin yaradacaq", - Musayev vurğulayıb.

Onun sözlərinə görə, soyqırım qurbanlarının məhkəmə-tibbi ekspertizasının BMT-nin kütləvi məzarlıqlar aşkarlandıqda meydana çıxan identifikasion, diaqnostik və situasion məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramı çərçivəsində tövsiyə olunan müasir metod və üsulları tətbiq etməklə icrası ilə bağlı Birlik əlavə olaraq zəruri yeni nəsil ekspert avadanlıqları ilə təmin edilib.

Baş direktor bildirib ki, Baş Prokurorluq tərəfindən Birlik qarşısında qoyulan çoxsaylı sualların qanunamüvafiq və obyektiv həllinə irəli sürülən tələb və yaradılan şərait soyqırım qurbanlarına qarşı bu qatı və amansız cinayəti törətmiş erməni canilərinin beynəlxalq aləmdə ifşa olunmasında, baş vermiş soyqırım hadisəsinin məzmununu və şəraitini olduğu kimi müəyyənləşdirməkdə həlledici amil olub.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti