...

Budapeştdə keçirilən kitab festivalında Azərbaycan guşəsi təşkil edilib

Cəmiyyət Materials 15 Aprel 2011 14:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə keçirilən XVIII beynəlxalq kitab festivalında Azərbaycan guşəsi təşkil edilib.
Budapeştdə keçirilən kitab festivalında Azərbaycan guşəsi təşkil edilib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə keçirilən XVIII beynəlxalq kitab festivalında Azərbaycan guşəsi təşkil edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən cümə günü Trend-ə bildirilib ki, Macarıstan paytaxtındakı Millenium İncəsənət Mərkəzində Avropa Birliyinin himayəsi ilə fəaliyyətə başlayan festivalı ölkənin təbii resurslar naziri Mikloş Reteli açıb.

Festivalda 50-dən çox ölkənin nəşriyyatları iştirak edir. Səfirliyin daxili resursları hesabına təşkil edilmiş Azərbaycan guşəsində respublikamızın müxtəlif nəşriyyatlarında çap olunmuş 100-dən artıq kitab nümayiş etdirilib. Onların arasında son illər səfirlik tərəfindən macar dilində nəşr edilmiş 30-a yaxın kitab iştirakçıların diqqətini xüsusi olaraq çəkib. "Macarca-azərbaycanca danışıq kitabçası", "Gəlin azərbaycanca danışaq" kitabları, "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Oğuz xan" dastanları, habelə Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Macarıstan tarixi əlaqələrinə, Azərbaycanın enerji strategiyasına və turizm imkanlarına, mədəniyyətinə və milli mətbəximinə dair macarca nəşrlər festival iştirakçıları arasında xüsusi maraq doğurub.

Səfirliyin nəşrlərinin bir qismi macar kitab həvəskarlarına hədiyyə edilib. Avropa Birliyi ölkələrinin tanınmış yazıçı və şairlərinin qatıldığı XVIII Budapeşt Beynəlxalq Kitab Festivalı aprelin 18-nə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti