...

Azərbaycanda ilin birinci rübündə 12 bələdiyyə ilə bağlı Baş Prokurorluğa müraciət olunub

Cəmiyyət Materials 18 Aprel 2011 16:03 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə 12 bələdiyyə ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət olunub.
Azərbaycanda ilin birinci rübündə 12 bələdiyyə ilə bağlı Baş Prokurorluğa müraciət olunub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci rübündə 12 bələdiyyə ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət olunub. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə məlumat verib.

Səlimzadə bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində həmin bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib.

Həmin bələdiyyələrin fəaliyyəti barədə materiallara hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

Onlardan 8-nin fəaliyyətində korrupsiya hüquqpozmaları aşkar edildiyi üçün cinayət işi açılıb, digərləri isə baxılmaqdadır.

Nazirlik rəsmisinin sözlərinə görə, əlavə olaraq 8 bələdiyyə barədə Bələdiyyələrlə İş Mərkəzində araşdırmalar başlayıb.

Cari ilin birinci rübündə torpaq sahələri ilə əlaqədar bələdiyyələrin qəbul etdiyi qanunsuz qərarların ləğvi nəticəsində 780 ha torpaq sahəsi bələdiyyələrə qaytarılıb.

Ötən ilin müvafiq dövründə bələdiyyələrə qaytarılan torpaq sahəsi 380 ha olub.

Səlimzadə bu ilin yanvar-mart aylarında bələdiyyələrin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini deyib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər bələdiyyələrin fəaliyyətində qanunsuzluqların qarşısının alınması, qanunçuluğun və şəffaflığın qorunması, bələdiyyə mülkiyyətindən istifadədə yol verilən nöqsanların aradan qaldırılmasına yönəlib.

Bu müddətdə respublikanın 10 regionunda seminar-müşavirələr keçirilib, bələdiyyə üzvləri üçün 6 kurs təşkil edilib.

Kurslara 139 bələdiyyə üzvü cəlb olunub.

Bələdiyyələrin qarşısında duran vəzifələrin icrası ilə bağlı onlara konkret tapşırıqlar verildiyini deyən Səlimzadə bildirib ki, "İnzibati icraat haqqında qanun"un tətbiqi və icrası ilə bağlı bələdiyyələrin səlahiyyətlərinin izah olunması məqsədilə bir neçə regional və yerli seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub.

Mərkəz rəhbəri qeyd edib ki, vətəndaşlardan daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması, yol verilən pozuntuların aradan qaldırılması, vətəndaşların hüquqlarının təmin olunması qarşıda duran vəzifələrdəndir.

Xəbər lenti

Xəbər lenti