...

ABŞ-ın Azərbaycandakı səfirinin xanımı jurnalist qadınlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2011 18:37 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Brayza Jurnalist Qadınlar Assosiasiyasının qonağı olub.
ABŞ-ın Azərbaycandakı səfirinin xanımı jurnalist qadınlarla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Hacıyev/

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Brayza Jurnalist Qadınlar Assosiasiyasının qonağı olub. Trend-in məlumatına görə, assosiasiyanın rəhbəri Sevil Yusifova qonağı təşkilatın fəaliyyəti barədə məlumatlandırıb.

Daha sonra xanım Brayza öz həyat və fəaliyyətindən danışıb. O qeyd edib ki, onun valideynləri də jurnalist olub. Xanım Brayza ABŞ-da aldığı təhsildən də danışıb. Qeyd edib ki, hər şeydən əvvəl qadının özünə inamını yüksək olmalıdır.

"Xaricdə təhsil almağa qərar verəndə təbii ki, narazılıqlar eşitdim. Çoxları mənə uğur qazana bilməyəcəyimi deyir, təkbaşına ABŞ-da yaşamağın çətin olacağını başa salırdılar. Ancaq mən bunun öhdəsindən gəldim. Stenferd Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirdim. Karyerama başladım, hər şey uğurlu oldu. Hər şeydən əvvəl özümə inandım", - Brayza əlavə edib.

O, Bakını və Naxçıvanı doyunca gəzdiyini, Azərbaycanı doğma saydığını söyləyib, Azərbaycanda da fəaliyyətini davam etdirəcəyini qeyd edib.

"Ailə qurandan sonra aktiv fəaliyyətimi bir müddətlik dayandırdım. Lakin bu müddət ərzində boş durmadım. 3 kitabım çap olundu. İndi Azərbaycanda da boş durmayacağam. Təbii ki, burada siyasətlə məşğul olmayacağam. Ancaq planlarımda var ki, qadın zorakılığı, erkən nikahlarla bağlı layihələrə start verək. ABŞ-da olarkən zorakılığa qarşı qadınların özlərini müdafiə etməsindən kurs keçmişəm. Düşünürəm ki, qadın özünü müdafiə etməlidir. Bu çox vacibdir. O haqqını, hüququnu tələb etməlidir", - o deyib.

Daha sonra xanım jurnalistlər Brayzaya suallar veriblər. Görüş zamanı ABŞ-Azərbaycan münasibətləri, qadınların sosial durumu və digər mövzularda fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti