Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda məhkumların "Skype" proqramı vasitəsilə yaxınları ilə əlaqə saxlamasına qanunvericilik icazə vermir.
Trend-in sualına cavab olaraq ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cəzaçəkmə müəssisələrində saxlanılan xarici vətəndaşların öz ailələri ilə əlaqə saxlaması üçün internetin "Skype" proqramından istifadəni təklif edib.
"Cəzaçəkmə müəssisəsi qapalı müəssisədir və burada "Skype" vasitəsilə digər dövlətlərlə açıq-aşkar danışmaq Azərbaycan qanunvericiliyinə ziddir", - Xidmət rəisi deyib.
Quliyev bu məsələnin gələcəkdə qanunvericilikdə həllini tapacağını istisna etmir.
"Milli Məclis bu məsələ ilə bağlı müsbət qərar verərsə, onda vəsait ayrılacaq, kompüterlər alınacaq", - o deyib.
Nazir müavini Azərbaycanda cəza çəkən əcnəbi məhkumların əksəriyyətinin İran vətəndaşları olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycan cəzaçəkmə müəssisələrində iranlı məhkumların sayı 180-ə yaxındır.
"Onlardan bəziləri ekstradisiya olunur, cəza çəkmələri üçün öz ölkələrinə təhvil verilirlər. Onların arasında azadlığa çıxandan sonra yenidən cinayət törətdikləri üçün məhkum olunanlar da var", - Xidmət rəisi vurğulayıb.