Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir T.Hacıyev/
Azərbaycanlı gənclər Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktının ikinci il dönümünü qeyd ediblər. Trend-in məlumatına görə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "İrəli" Gənclər Təşkilatının birgə təşkil etdiyi tədbirdə 100-dən artıq gənc və tələbə iştirak edib.
NAYORA-nın sədri, deputat Fuad Muradov jurnalistlərə açıqlamasında bildirib ki, dünyanın istənilən yerində belə hadisələri törədənin məqsədi insanları, cəmiyyəti qorxutmaqdır. Onun sözlərinə görə, bu hadisə Azərbaycan cəmiyyətini qorxuda bilməyib.
"Bu gün buraya gələn gənclər anım mərasimini keçirməklə bir daha bildirdilər ki, onlar həmin hadisələri unutmayıblar və bütün ağrı-acını hələ də xatırlayırlar", - Muradov əlavə edib.
Onun sözlərinə görə, bu hadisədən sonra Azərbaycanın ali məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. Bu da gələcəkdə belə hadisələrin baş verməməsi üçün mühüm addımdır. Millət vəkili onu da qeyd edib ki, cəmiyyət nə qədər ayıq və bu cür hadisələrə həssas olsa, belə hadisələr heç vaxt baş verməz.
ATGTİ-nin sədri Şahin İsmayılov isə bildirib ki, iki il öncə baş verən hadisə bütün Azərbaycanı sarsıdıb. Azərbaycan tələbələri bu ağrını daha çox hiss edib.
"Bu gün tələbələr öz tələbə yoldaşlarını xatırlamaq, onların ruhlarını şad etmək üçün buraya yığışıblar. Bu hadisə olduqca üzücüdürr, ancaq Azərbaycan gəncliyi bu cür hadisələrdən sarsılmamalı və yoldaşlarının yanında olmalıdırlar", - İsmayılov deyib.
2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb. Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra isə özünü öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütamadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona küllü miqdarda pul və silah verilib.
Qumaşyan barəsində həbsli axtarış elan edilərək İnterpola axtarışa verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.
Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.
Azərbaycanlı gənclər Dövlət Neft Akademiyasında baş verən faciənin il dönümünü qeyd ediblər (FOTO)
Azərbaycanlı gənclər Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktının ikinci il dönümünü qeyd ediblər.