Azərbaycan, Bakı, 3 may /Trend/
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1444 hektar sahədə 3 086 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Hesabat dövründə nazirliyin daxili imkanları hesabına dövlət meşə fondunun 1304 hektar torpaq sahəsində meşə əkini və səpini işləri aparılaraq 2 906 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib. Əkilən ağaclar müəssisələrin öz tinglik sahələrində yetişdirilib.
Eyni zamanda, müəssisələr tərəfindən müxtəlif ağac və kol cinslərindən 12 698 kq toxum tədarük edilib və 83,64 hektarda tinglik sahəsi salınıb.
Bakı və ətraf ərazilərinin 140 hektar sahəsində isə 180 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.