Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/
2011/2012-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya sənəd qəbulu yaxın vaxtlarda elan ediləcək. Bunu şənbə günü Trend-ə Azərbaycan Tibb Universitetinin (ATU) tədris hissə müdiri Nəsimi Qasımov deyib.
Onun sözlərinə görə, sənəd qəbulunun universitetdə dövlət imtahanı bitdikdən sonra aparılması gözlənilir.
Sənəd qəbulu elektron qaydada aparılacaq.
Rezidenturaya qəbul olmaq istəyənlər TQDK-nın rəsmi internet saytında "Həkimin elektron ərizəsi"ni doldurmalıdırlar. Onlar daha sonra TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissıyasına (SQK) tələb olunan sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirəcəklər.
Qasımov deyib ki, rezidenturaya 300 plan yeri üzrə qəbulun həyata keçirilməsi nəzərdə tutulur. Plan yerlərinin əsas hissəsi müalicə işi və pediatriya ixtisasları üzrə ayrılıb.
Bu il Azərbaycanda rezidenturaya sənəd qəbulu ilk dəfə keçiriləcək.
Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.
Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.
Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Azərbaycanda rezidenturaya qəbul üçün ayrılmış plan yerlərinin sayı açıqlanıb
2011/2012-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya sənəd qəbulu yaxın vaxtlarda elan ediləcək.