...

Milli təhlükəsizlik orqanlarının veteranları orta məktəb müəllim və şagirdləri ilə görüşüblər (FOTO)

Cəmiyyət Materials 24 May 2011 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ərəfəsində Qaradağ rayonunun Milli Qəhrəman Faiq Rəfiyev adına 166 saylı orta məktəbinin müəllim və şagirdləri ilə görüşüblər.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Bu cür tədbirlərin keçirilməsinin yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində çox böyük önəm daşıdığını qeyd edən məktəbin müəlliməsi İlhamə Mehdiyeva, 28 May Respublika Gününün əhəmiyyəti və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik tariximizdə rolu haqqında çıxış edib.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon idarəsinin rəisi Fariz Göyüşov Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin təmin olunmasında milli təhlükəsizlik orqanlarının fəaliyyəti barədə danışıb.

Təhlükəsizlik orqanlarının veteranları çıxışlarında dövlətimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onlara milli-mənəvi dəyərlərimizə hörmət və qayğı hissinin aışılanması işinə daim xüsusi diqqət verdiyini qeyd ediblər.

Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən veteranlar, bu yolda gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.

Onların vətənin müstəqilliyi və qüdrətlənməsi üçün bu gün şagird olaraq üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd olunub.

Bildirilib ki, hər birimiz müstəqil Azərbaycanın xoşbəxt gələcəyi uğrunda öz bilik və bacarığımızı əsirgəməməli, ərazi bütövlüyümüzün bərpası naminə mübarizəyə daim hazır olmalıyıq.

Sonda məktəblilərin ifasında vətəni, dövləti, müstəqilliyimizi tərənnüm edən şeirlər səslənib, oxunan mahnılar, ifda edilən rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Xəbər lenti

Xəbər lenti