...

AMEA-nın rəyi olmadan heç bir təşkilatda doktorantura yaradıla bilməz - vitse-prezident

Cəmiyyət Materials 25 May 2011 15:27 (UTC +04:00)
Azərbaycanda doktoranturaya sənəd qəbulu sentyabrda elan ediləcək, oktyabr ayında isə qəbul keçiriləcək.
AMEA-nın rəyi olmadan heç bir təşkilatda doktorantura yaradıla bilməz - vitse-prezident

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda doktoranturaya sənəd qəbulu sentyabrda elan ediləcək, oktyabr ayında isə qəbul keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü doktorantların elmi konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov bildirib.

Onun sözlərinə görə, doktoranturaya qəbul imtahanlarının bir hissəsi - xarici dildən və fəlsəfədən imtahanlar AMEA-da keçiriləcək. Bununla əlaqədar olaraq, AMEA-nın xarici dillər kafedrasının və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun tədris imtahan planları təsdiq olunmaq üçün Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq.

Həşimovun sözlərinə görə, "Təhsil haqqında" qanunun qəbulundan sonra doktoranturanın yaranması və qəbul qaydaları təsdiq olunub. Doktoranturaya qəbulu həyata keçirmək isə AMEA-ya həvalə olunub.

"AMEA-nın rəyi olmadan heç bir təşkilatda doktorantura yaradıla bilməz. Bütün bunlar AMEA ilə razılaşdırılmış şəkildə Nazirlər Kabineti tərəfindən həyata keçirilir", - Həşimov deyib.

AMEA-nın vitse-prezidenti bildirib ki, hazırda akademiyada 5000-ə yaxın elmi işçi çalışır.

Onların 545-i elmlər doktoru, 2116-sı fəlsəfə doktoru və elmlər namizədidir.

AMEA-da fəlsəfə doktoru proqramı üzrə çalışan 221 doktorant var. Bunların 163-ü əyani, 58-i qiyabi təhsil alır. Hazırda AMEA-da 947 dissertant var ki, onların da 420-si əcnəbi vətəndaşdır.

Xəbər lenti

Xəbər lenti