...

Azərbaycanda dini qurumlar bir mərkəzə tabe edilə bilərlər

Cəmiyyət Materials 1 İyun 2011 13:25 (UTC +04:00)
Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna dini qurumların bir mərkəzə tabe edilməsi ilə bağlı əlavələr ediləcəyi gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü İlyas İsmayılov bildirib.
Azərbaycanda dini qurumlar bir mərkəzə tabe edilə bilərlər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna dini qurumların bir mərkəzə tabe edilməsi ilə bağlı əlavələr ediləcəyi gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü İlyas İsmayılov bildirib.

Qanunun 7-ci maddəsinə təklif edilən əlavədə qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər. Millət vəkilləri hesab edirlər ki, hesabat təqdim etmək digər dini qurumlara da aid edilməlidir və qeyri-islam dini qurumları öz hesabatlarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və ya Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

İsmayılovun sözlərinə görə, qanuna nəzərdə tutulmuş əlavələrə əsasən, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

Millət vəkili bildirib ki, təklif olunan qanun layihəsində göstərilir ki, dini mərkəz və idarələr dini icmalar barədə məlumatlara malik olduqda həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırmalıdırlar.

Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihəsində qeyd edilir ki, dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər.

Yeni layihədə qanunun müvafiq maddələrinə 19 əlavə və dəyişiklik nəzərdə tutulub.

Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti