...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası saxtalaşdırma işi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Cəmiyyət Materials 4 İyun 2011 14:31 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi mətbu orqanı olan "Abituriyent" jurnalının 3-cü sayı müəyyən şəxslər tərəfindən saxtalaşdırılaraq çap edilib və satışa çıxarılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası saxtalaşdırma işi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi mətbu orqanı olan "Abituriyent" jurnalının 3-cü sayı müəyyən şəxslər tərəfindən saxtalaşdırılaraq çap edilib və satışa çıxarılıb. Bunu şənbə günü Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, saxta jurnalların üz qabığı orijinal nəşrə oxşadılsa da, qəbul aparılan ixtisasların siyahısında, plan yerlərinin sayında, ixtisas kodlarında, eləcə də qəbul elanı və müsabiqə şərtlərində ciddi texniki və məzmun səhvlərinə yol verilib. Jurnaldakı məlumatlar ciddi şəkildə təhrif olunub.

"Həmin jurnalların məzmununa görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məsuliyyət daşımır. TQDK abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır. Əsl jurnalı saxtasından fərqləndirmək mümkündür. Orijinal nəşrdə jurnalın üzərindəki "Abituriyent" sözü bir qədər qabarıq formada çap olunduğundan hər bir şəxs həmin yazıya əlini toxundurmaqla bunu hiss edə bilər", - Nağızadə deyib.

O bildirib ki, qeyd olunan qeyri-qanuni əməlin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi məqsədilə TQDK hüquq-mühafizə orqanlarına müraciət edib.

Xəbər lenti

Xəbər lenti