...

MDB məkanında fəaliyyət göstərən Mətbuat şuralarının vahid informasiya portalı yaradılacaq

Cəmiyyət Materials 10 İyun 2011 16:36 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, tədbirdə əsasən Mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılıb. Bu baxımdan peşə davranışı qaydalarının roluna da nəzər salınıb.
MDB məkanında fəaliyyət göstərən Mətbuat şuralarının vahid informasiya portalı yaradılacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Kişinyovda Avropa Şurası və Avropa İttifaqının birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans bu gün başa çatıb.

Azərbaycan Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, tədbirdə əsasən Mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılıb. Bu baxımdan peşə davranışı qaydalarının roluna da nəzər salınıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransdakı çıxışında bildirib ki, Azərbaycan Mətbuat Şurası təkcə Müstəqil Dövlətlər Birliyi deyil, eyni zamanda, Şərqi Avropa məkanında kifayət qədər təcrübəyə malik institutdur.

"Şuranın təcrübəsi dəfələrlə regional səviyyəli toplantılarda yüksək dəyərləndirilib və model kimi qəbul edilib. Bununla belə, Kişinyovda medianın özünütənzimləməsinə həsr olunmuş tədbirdə iştirak vacibdir və əldə edəcəyimiz nəticələrin daha faydalı fəaliyyət baxımından əhəmiyyətli olacağını düşünürük", - o vurğulayıb.

Tədbir MDB məkanında fəaliyyət göstərən Mətbuat şuralarının vahid informasiya portalının yaradılması barədə qərarın qəbulu ilə yekunlaşıb.

Azərbaycan Mətbuat Şurası vahid informasiya portalının yaradılmasında əsas təşəbbüskarlardan biridir.

Tədbir barədə məlumat verən Amaşov bildirib ki, portalda medianın özünütənzimləməsinə dair materiallar, bu sahədə mövcud təcrübələr, müzakirələr əksini tapacaq.

Rusiya, Ukrayna, Moldova, eləcə də də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifələrdən biri regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə dəstək göstərilməsi olub.

Bu baxımdan konfransın proqramına vahid koordinasiya mərkəzinin yaradılması ətrafında müzakirələrin aparılması da daxil edilib.

Tədbirdə həmçinin sosial şəbəkələr və onların ictimai tənzimlənməsi ilə bağlı fikir mübadilələri də aparılıb.

Beynəlxalq konfransda Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edib.

Xəbər lenti

Xəbər lenti