...

Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərə alternativ cəzaların verilməsi üçün qanunvericiliyə təkliflər hazırlanır

Cəmiyyət Materials 22 İyun 2011 15:47 (UTC +04:00)
Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların verilməsi üçün qanunvericiliyə təkliflər hazırlanır.
Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərə alternativ cəzaların verilməsi üçün qanunvericiliyə təkliflər hazırlanır

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların verilməsi üçün qanunvericiliyə təkliflər hazırlanır.

Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev Trend-ə bildirib ki, Baş Prokurorluqla birgə aparılan müzakirələrin nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsində narkotik istifadəçisi ilə narkotik istehsalçısı və satıcısının məsuliyyəti arasında fərqin müəyyən edilməsi barədə təkliflər hazırlanıb.

"Cinayət Məcəlləsinin 234-cü maddəsində narkotik istifadəçisi ilə istehsalçısı və satıcısı arasında fərq qoyulmayıb. Biz bu fikirdəyik ki, narkotiki satan, istehsal edən şəxsə ağır cəza verilməlidir. Narkotik istifadəçisinin, ona aludə olan şəxsin həbs edilməsi doğru deyil", - Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, narkotik istifadəçilərinə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan alternativ cərimə, islah işləri cəzaları verilməli, onlar məcburi müalicəyə göndərilməlidir.
Cəmiyyətdə narkomana qarşı aqressiv münasibət formalaşdığını deyən təşkilat rəhbəri hesab edir ki, narkomanların cəmiyyətə qayıtmasına yardım etmək lazımdır.

Bu sahədə liberal siyasətin, yeni düşüncənin, yeni mübarizə metodlarının tətbiq edilməsinin tərəfdarı olan Əfəndiyev hesab edir ki, yüngül tərkibli narkotiklərdən istifadənin leqallaşdırılması zəruridir.

"Bəzən müxtəlif insanlar hansısa səbəblərdən narkotikə aludə olur, hüquq-mühafizə orqanları onları aşkar edən kimi cəzaçəkmə müəssisəsinə göndərirlər. Bu insanlar sağalmaq əvəzinə narkoman olur və başqalarını da bu xəstəliyə düçar edir. Cəmiyyət yüngül tərkibli narkotiklərdən istifadənin leqallaşdırılmasına hazır deyil. Bu sahədə maarifləndirmə işi aparılmalı və cəmiyyəti buna hazırlamalıyıq. Bundan sonra cəmiyyət özü liberal siyasət tələb edəcək", - Əfəndiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti