...

Bakıda psixoloqlara müraciət edənlərin statistikası açıqlandı

Cəmiyyət Materials 22 İyun 2011 16:40 (UTC +04:00)
Azərbaycan regionlarında psixoloqa müraciət edənlərin sayı "yox" dərəcəsində olsa da, Bakıda artıq əhalinin 35-40 faizi psixoloqlara üz tutaraq onlardan lazımi məsləhətlər alır.
Bakıda psixoloqlara müraciət edənlərin statistikası açıqlandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan regionlarında psixoloqa müraciət edənlərin sayı "yox" dərəcəsində olsa da, Bakıda artıq əhalinin 35-40 faizi psixoloqlara üz tutaraq onlardan lazımi məsləhətlər alır. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanlar hələ də psixoloq və psixiatr arasındakı fərqi başa düşə bilmirlər. Psixoloqa sağlam insanlar onları narahat edən hansısa problemlə bağlı müraciət edir, psixoloq isə onlara yalnız məsləhət verir. Psixiatra isə xəstələr müraciət edir. Psixiatr xəstələrin müalicəsində dərmanlardan istifadə edir.

Psixoloq Azərbaycanda gənc nəslin psixoloji durumu ilə bağlı bəzi problemlərin olduğunu da istisna etməyib. O, belə hesab edir ki, uşaqların yeniyetməlik dövründə baş verən intiharlar, evdən qaçmalar valideynin övladına qoyduğu qadağaların və işlətdiyi məişət zorakılığının nəticəsidir. Buna görə də valideynlərin tibbi, psixoloji baxımdan maarifləndirilməsi lazımdır.

"Əvvəllər nənələr, analar uşaqları yatıran zaman ona layla çalar, nağıl danışardılar. İndi isə gənc analar uşaqları yedirən və yatıran zaman onları müəyyən üsullarla qorxudurlar. Bunun da nəticəsində uşaqlarda qorxu, stress yaranır. Stress içində yatan uşağın əsəbləri sakit olmaz. O, yatanda da qorxulu yuxular görəcək. Bu üsulla biz uşaqlarda nevroz yaradırıq. Nəzərə almaq lazımdır ki, bir çox xəstəliklər də qorxudan yaranır", - Mirzəyeva söyləyib.

O əlavə edib ki, övladlarının psixoloji durumunun normal olması üçün valideynlər uşaqlarla davranışlarını düzgün qurmalıdırlar.

"Hər bir uşaq əlinin zəhməti olan nə isə yaratmaq istəyir. Ata-analar isə ona "sən bunu edə bilməzsən" deyərək onda inamsızlıq yaradırlar. Uşaq səhv hərəkət etdikdə valideyn ona hədə-qorxu gəlməməlidir. Azərbaycanda ailə quranda, peşə seçimi zamanı valideynlər uşaqlara heç də sərbəstlik vermirlər. Bu gün Azərbaycan ailələrində valideynlər övladlarının ailə qurma işinə çox böyük müdaxilələr edirlər. Bu da erkən nikahların və yeni qurulmuş ailələrin dağılmasına səbəb olur. Bütün bunlar isə Azərbaycan ailəsinin demokratiyadan bir az kənar olmasını göstərir", - psixoloq qeyd edib.

Mirzəyevanın sözlərinə görə, psixoloji vəziyyətin normal olmaması səbəbindən bu gün uşaq və yeniyetmələrdə özünə inamsızlıq, özünüqiymətləndirmə, iddia səviyyəsinin aşağı olması, müstəqil qərar verməmək kimi hallar özünü daha çox göstərir.

Xəbər lenti

Xəbər lenti