Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanda "Elm haqqında" qanun qəbul olunandan sonra elmi tədqiqat müəssisələrinin maliyyələşməsi prinsipinə aydınlıq gətiriləcək. Bu barədə Trend-ə Milli Məclisin deputatı Musa Quliyev bildirib.
"Hazırkı büdcədən maliyyələşmə prinsipi ilə fəaliyyət göstərən elmi tədqiqat müəssisələri tam gəlirlə işləyə bilmirlər. Amma vəsait müəyyən layihələrə ayrılsa, elmi tədqiqat müəssisələrində çalışan insanların da maddi maraqları kifayət qədər yüksək olacaq", - Quliyev deyib.
Azərbaycan Milli Məclisində "Elm haqqında" qanun layihəsinin ilkin variantı hazırlanıb. Qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması məsələləri təsbit edilib.
Millət vəkili hesab edir ki, layihələrin maliyyələşdirilməsi prinsipi tədbiq olunandan sonra gənc kadrların elm sahəsinə axını müşahidə ediləcək.
Quliyev bildirib ki, qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə olunacağı gözlənilir.