...

Hüquqşünas tələbələr Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüblər

Cəmiyyət Materials 23 İyun 2011 13:12 (UTC +04:00)
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) azərbaycanlı nümayəndələri Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüb.
Hüquqşünas tələbələr Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüblər

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) azərbaycanlı nümayəndələri Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüb.

Assosiasiyanın Bakı Dövlət Universiteti üzrə nümayəndəsi Aynur Hacıyevanın Trend-ə bildirdiyinə görə, görüşdə Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev İnsan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının (Avropa Konvensiyası) mövcud mexanizmi, inkişafı, müasir tendensiyaları haqqında məlumat verib.

Qeyd edib ki, Avropa Konvensiyası ilə qorunan hüquqlara müdaxilə yolverilməzdir və hər bir üzv dövlətin bununla bağlı öhdəliyi var. Bu hüquqlara müdaxilə dövlətlərin məsuliyyətini yaradır.

Qaracayevin sözlərinə görə, insan hüquqlarının təminatı Azərbaycanda ali dəyərdir və bu sahədə Konstitusiya Məhkəməsinin fəaliyyəti xüsusi ilə önəmlidir.

"Ədalətli məhkəmə araşdırması hüququnun əsas standartları" mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev qeyd edib ki, Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 7-ci (qanunsuz cəzalandırılmamaq hüququ) maddələrinin tələbləri Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə tam implementasiya olunub.

Bununla belə, Konstitusiya Məhkəməsi insan hüquqlarının təminatı baxımından təcrübədə yaranan ziddiyyətləri Avropa Konvensiyasının tələblərinə müvafiq həll edir.

Səmimi görüşə görə təşəkkürünü bildirən ELSA-Azərbaycanın Prezidenti Kamal Cəfərov rəhbərlik etdiyi qurumun fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallara cavab verilib.

Xəbər lenti

Xəbər lenti