...

Açıq testlər uşaqların təfəkkürünün inkişafı üçün yeni imkanlar vəd edir - Trend-in icmalçısı

Cəmiyyət Materials 28 İyun 2011 10:59 (UTC +04:00)
Açıq testlər uşaqların təfəkkürünün inkişafı üçün yeni imkanlar vəd edir
Açıq testlər uşaqların təfəkkürünün inkişafı üçün yeni imkanlar vəd edir - Trend-in icmalçısı

Trend-in icmalçısı - İlhamə İsabalayeva

Mütəxəssislər qəbul prosesində tətbiq olunan yeniliklərin səmərəsinə inanırlar

Hələ eramızdan əvvəl III minilliyin ortalarında Qədim Vavilonada mirzə hazırlayan məktəblərin məzunları müxtəlif istiqamətli bacarıqlarına görə sınağa çəkilirdilər. İlk test kimi tarixə düşən bu məqamdan sonra müxtəlif əsrlərdə, müxtəlif ölkələrdə ayrı-ayrı sahələr üzrə həyata keçirilən belə sınaqlar nəhayət test imtahanlarına qədər təkmilləşmə mərhələsinə qalxdı. İlk test materiallarından ibarət kitab isə 1884-ci ildə ABŞ-da nəşr olundu ki, cavabların 5 ballıq şkala üzrə qiymətləndirildiyi bu testlər də pedaqoji işdə sadə statistik hesablamaların aparıldığı birinci təcrübə idi. ABŞ-da çox sürətlə yayılan biliyin yoxlanmasının bu formasının tərəfdarları kimi əleyhdarları da az olmadı. Amma bu gün test imtahanlarının tətbiqi dünyanın əksər ölkələrində dəstəklənir ki, bu da seçilən formanın mütərəqqi olmasından xəbər verir. Təbii ki, üstünlük verilən metodlar dövrü üçün nə qədər mütərəqqi qəbul edilsə də, getdikcə təkmilləşmə hər bir proses üçün vacib şərtdir.

Açıq suallara "gizli" etiraz

Test suallarından Azərbaycanın ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında da uğurla tətbiq olunmaqdadır. Bu ilədək Azərbaycanda abituriyentlərə imtahan zamanı yalnız qapalı suallar verilib. Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə bu il ilk dəfə olaraq, açıq testlər də veriləcək. Builki qəbul imtahanlarında Azərbaycan və rus bölməsində riyaziyyat fənni üzrə 5 sual açıq tipli olacaq. Yeniliyə riyaziyyat fənnindən başlanmasına gəlincə, onun bütün ixtisas qruplarında yer alması açıq tipli testin tətbiqinə məhz bu fəndən başlanmasına əsas verib. Növbəti mərhələdə bu tipli test tapşırıqlarının digər fənlər üzrə də tətbiqi planlaşdırılır. Qeyd edilən bu yenilik builki qəbulla bağlı ən əsas və ən çox müzakirə olunan mövzulardandır. Amma hər yenilikdə olduğu kimi, bu yeniliyə də etiraz edən müəllimlər tapıldı. Onlar sınaq imtahanlarında iştirak edən abituriyentlərə açıq suallara cavab verməməyi tapşırmaqla TQDK-nı da bu yeniliyi tətbiq etməkdən çəkindirmək istədilər. Amma açıq suallara belə "gizli" etiraz özünü doğrultmadı. TQDK belə münasibətə baxmayaraq, test tapşırıqlarının sırasına açıq sualların salınmasında israrlı olduğunu bəyan etdi və yeniliyə imza atdı.

Bəxt, yoxsa bilik?

İmtahanlarda abituriyentlərə açıq test suallarının verilməsinə qarşı çıxanlar olsa da, məsələnin müsbət tərəfini görüb dəstəkləyən mütəxəssislərin də sayı az deyil. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır. Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır.
Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablamayacaq. TQDK sədri Məleykə Abbaszadə hesab edir ki, elə bu amilə görə abituriyentlər açıq suallara cavab verməyə daha çox meylli olmalıdırlar.

Düşünmə qabiliyyətinə doğru

Bəs, ümumilikdə, açıq test suallarının tətbiqi abituriyentlərə nə verəcək?
Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü Abdulla Mehrabov da hesab edir ki, qapalı testlər abituriyentin düşünmə qabiliyyətinin inkişaf etməməsinə yol açır, onlarda təsadüfi əzbərləməyə şərait yaradır: "İmtahanlarda test üsulunun təşkili artıq öz səmərəsini verib və abituriyentlər test tapşırıqlarının nə olduğunu çox gözəl anlayırlar. Amma hər bir tapşırıq üçün əvvəlcədən 5 cavabın verilməsi abituriyentin təfəkkürünün inkişafını ləngidir. Bu da təsadüfi əzbərləməyə şərait yaradır, tədris-təlim prosesində təfəkkürün inkişafını o qədər də yaxşı təmin edə bilmir. Ona görə də TQDK tərəfindən sərbəst testlərin verilməsi uşaqlarda təfəkkürün inkişafına, verilən tapşırıqların həll edilərək cavabının tapılmasına şərait yaradacaq. Bu da uşaqların təfəkkürünün inkişafı üçün yeni imkanlar açır. Bu isə təqdirəlayiq haldır".

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının üzvü, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram üzrə direktoru Elmina Kazımzadə də qonşu ölkələrdə tətbiq olunan bu mütərəqqi yeniliyin Azərbaycanda tətbiqi vaxtının çatdığını söyləyib. "Polşa, Litva, Rusiya, Ukraynada təhsilin bir pilləsindən digərinə keçid və yeni təhsil pilləsinə qəbul zamanı imtahan verənlərə açıq test sualları verilir. Bu təcrübənin Azərbaycanda da tətbiqi çox yaxşı haldır".
Təhsil Komissiyasının üzvü də bu fikirdədir ki, cavabları hazır verilən suallar abituriyentlərdə əzbərləmə riskini artırır: "Sualları hazır verilən test tapşırıqları abituriyentdə belə təəssürat yaradır ki, o, yalnız hazır cavabları seçməlidir. Belə olanda isə əzbərləmə riski yaranır. Açıq sualların tətbiqi isə abituriyenti düşündürməyə məcbur edir. Amma bütün sualları açıq etmək olmaz".
E.Kazımzadə ilə yanaşı, digər mütəxəssislər də belə hesab edirlər ki, açıq test suallarının sayının artırılması prosesini birdən-birə tətbiq etmək olmaz. Buna keçidi tədricən reallaşdırmaq lazımdır. Eyni zamanda, belə sualların çətinlik dərəcəsi də çox yüksək olmamalıdır. Çünki çətin məsələlərin həlli imtahanda abituriyentin daha çox vaxtını apara bilər. İndiki halda isə bu yeniliyin riyaziyyat fənnindən başlanılması daha məqsədəuyğun sayılır. Hesab edilir ki, riyazi təfəkkürün inkişafı üçün abituriyentlərə ilk növbədə belə sualların verilməsi lazımdır. Çünki bütün elmlərə gedən yol demək olar ki, riyaziyyatdan keçir. Sonrakı mərhələlərdə isə bu açıq sualları digər fənlər üzrə tətbiq etmək olar.

İstənilən ölkənin coğrafiyası haqqında məlumatlılıq şərti

Tətbiq olunan yeniliklərdən biri də indiyədək III ixtisas qrupuna daxil olan "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının bu ildən II ixtisas qrupuna keçirilməsi ilə bağlıdır. Mütəxəssislər belə hesab edirlər ki, adı çəkilən hər iki ixtisas istənilən ölkənin coğrafiyası haqqında müəyyən məlumatların olmasını tələb edir. Buna görə də həmin ixtisaslar üzrə mütəxəssis kimi yetişmək istəyən abituriyentin qəbul imtahanlarında coğrafiyadan imtahan verməsi məsləhətdir. Elə bu məqsədlə də bu iki ixtisas digər qrupa keçirilib və məhz bu ixtisaslar üzrə qəbul olmaq istəyənlər üçün imtahan verəcəkləri fənlərin sırasına coğrafiya fənni də daxil edilib.

Magistraturaya qəbul imtahanın fevralda keçirilməsindən bakalavrlar nə qazanırlar?

TQDK-nın yeniliklərindən biri də magistratura pilləsi ilə bağlıdır. Yeni qaydalara uyğun olaraq, 2011-2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulu və qəbul imtahanının I mərhələsi daha tez, yəni fevralda aparılıb. Qəbul qaydalarına uyğun olaraq, imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılıb. A.Mehrabov da magistraturaya qəbul imtahanının I mərhələsinin fevralda aparılmasının bakalavrlar üçün çətinlik yaratmadığını deyir: "Ali təhsil müəssisələrinin bakalavr pilləsində artıq yanvar semestrinə qədər demək olar ki, tədris planları üzrə planlaşdırılmış əsas dərslər keçilir. Həmin müddətədək onların imtahanları verilir, proqramın yerinə yetirilməsi başa çatır. Səkkizinci semestrdən, yəni fevral ayından sonra bakalavrlar təcrübəyə gedir, buraxılış işinin yazılması ilə əlaqədar onlara vaxt verilir. Bundan başqa, əvvəlki təhsillə bağlı qanunda bakalavr statusu bir qədər az idi. Yeni "Təhsil haqqında" qanunda bakalavr pilləsinin statusu bir qədər də genişləndirilib və ali təhsilin sırf birinci pilləsi kimi qiymətləndirilir. Ona görə də fevral ayında magistratura pilləsinə imtahanların birinci mərhələsinin başlanması bakalavrlar üçün heç bir çətinlik yaratmayacaq".
E.Kazımzadə də magistraturaya qəbul imtahanlarının ilk mərhələsinin fevralda keçirilməsini çox müsbət hal sayır. Ekspert bu fikirdədir ki, imtahanlar fevralda keçirildiyi üçün bakalavrlar da imtahan nəticəsini tez bilirlər. Kazımzadə bu yeniliyin magistraturanın ilk mərhələsindən keçməyən abituriyentlər üçün daha əhəmiyyətli sayır. Çünki bu halda imtahanın 1-ci mərhələsindən keçməyən abituriyentlər yayadək öz karyeralarının başqa istiqamətdə qurulması haqqında düşünə bilərlər. Bu yenilik həm də hökumətə dövlət sifarişli ixtisasların hazırlanması prosesinin həyata keçirilməsinə yardım edir.

Bakalavrların yeniliyə münasibəti

Söhbətləşdiyimiz bakalavrlar da magistraturaya qəbul imtahanın ilk mərhələsinin tez keçirilməsini özləri üçün çox əlverişli sayırlar. Onlar hesab edirlər ki, ilk mərhələ fevralda keçirildiyi və nəticələr də qısa müddət ərzində açıqlandığı üçün onların II mərhələyə hazırlaşmaları üçün kifayət qədər vaxtları qalır.
Magistraturaya qəbul imtahanlarının ilk mərhələsindən uğurla keçən Ülkər Bəkirova deyir ki, magistrin vaxt qazanması baxımından imtahanların I turunun daha əvvəl keçirilməsi yaxşıdır. Onun sözlərinə görə, əvvəllər ikinci mərhələ tez keçirildiyi üçün imtahanlara hazırlaşmağa daha az vaxt qalırdı. Amma indi imtahanın ilk mərhələsindən uğurla keçən bakalavrların II mərhələyə hazırlamaları üçün xeyli vaxt olur. Ü.Bəkirova yalnız magistraturaya qəbul imtahanlarının I mərhələsinin fevralda keçirilməsindən deyil, ümumilikdə bu təhsil səviyyəsinə qəbulun TQDK-ya həvalə edilməsindən çox razı qalıb. O deyir ki, bir neçə il əvvəl magistraturaya qəbul imtahanları universitetlər tərəfindən keçirilirdi. Amma sonradan bu prosesin TQDK tərəfindən keçirilməsi bakalavrların magistr olmaq şansını 80-90 faizə qaldırıb. Onun fikrincə, əvvəllər magistraturaya qəbul olmaq istəyən bakalavr üçün isə bu şans 50 faiz idi: "İmtahanlar universitetlər tərəfindən keçirilərkən korrupsiya hallarına yol açılırdı. Amma TQDK bu imtahanları tam şəffaf şəkildə keçirir. Özüm bunun əyani şahidi olmuşam. Birinci turun cavabları açıqlandıqda TQDK-nın saytında bakalavrın neçə suala cavab verdiyi, ayrı-ayrı fənlər üzrə nə qədər səhvin buraxıldığı aydın şəkildə göstərilir. Şəxsən mənim imtahanda göstərdiyim nəticə 100 faiz dəqiqliklə TQDK-nın internet səhifəsində yerləşdirilmişdi. Bir sözlə, bakalavrların magistratura səviyyəsinə qəbulu üçün hər cür şərait yaradılıb".

Yeri gəlmişkən qeyd edək ki, TQDK-nın bu il ərzində həyata keçirdikləri yeniliklər bununla bitmir. Artıq bu ildən TQDK yeni istifadəyə verdiyi SMS xidməti vasitəsilə TQDK-nın sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyələrinə qəbulla bağlı bütün yenilikləri barədə məlumatları mobil telefonları vasitəsilə əldə etmək mümkündür. Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Bir sözlə, yeniliklər davam edir, mütəxəssislər isə qəbul prosesində tətbiq olunan bu yeniliklərin hər birinin səmərə verəcəyinə inanırlar.

Xəbər lenti

Xəbər lenti