...

Sürücünün plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilməlidir - DYP

Cəmiyyət Materials 6 İyul 2011 12:02 (UTC +04:00)
İnzibati xəta törətmiş sürücünün plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilməlidir.
Sürücünün plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilməlidir - DYP

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İnzibati xəta törətmiş sürücünün plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilməlidir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu və ya digər məsələlər "Yol hərəkəti haqqında" qanunda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə qeyd olunub və həmin dəyişikliklər iyulun 1-dən qüvvədədir.

Əliyev bildirib ki, sürücüyə bildirişin verilməsi barədə protokolda qeyd aparılmalıdır. Cərimə bildirişi xüsusi hazırlanmış və DYP əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilir.

Qanuna əsasən yol hərəkəti qaydalarını pozmuş, yəni İnzibati Xətalar Məcəlləsinin 151.1-151.3-cü, 152.1-152.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci, 153.1-153.5-ci maddələri, 154.1-ci maddəsi (fiziki şəxslər barəsində), 155.1-155.3-cü, 155.6-cı, 156-cı, 156-1-ci, 158.1-ci, 166.1-ci və 253-1-ci maddələrinin tələblərini pozan şəxs inzibati xəta hadisəsinin mövcudluğu və tətbiq edilən inzibati cərimə tənbeh növü ilə razılaşdıqda, DYP əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və inzibati xəta törətmiş şəxsə cəriməni DYP əməkdaşında olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə, plastik kart vasitəsilə ödəmək imkanı verilir.

"Cərimə plastik kart vasitəsilə ödənildikdə iki nüsxədə qəbz çap olunur. Bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir", - o deyib.

Şöbə rəisinin sözlərinə görə, yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti üzrə DYP hissəsinə göndərilir. Bu halda inzibati xəta törətmiş şəxsə dərhal protokolun surəti verilir.

Əliyev bildirib ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

Şöbə rəisi bildirib ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.

"Həmin qərar inzibati xəta törətmiş şəxsə üç günədək müddətdə təqdim edilir. Həmin nəqliyyat vasitəsi DYP əməkdaşı tərəfindən dayandırılır, şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan dayanacağında saxlanılır", - o deyib.

Əliyevin sözlərinə görə, cərimə ödənilməsi barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir.

İdarə sözçüsü qeyd edib ki, cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildikdə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərara xitam verilir.

"Məcburi icraya yönəldilmiş qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən "İcra haqqında" qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülür", Əliyev deyib.

Şöbə rəisi bildirib ki, inzibati cərimə tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.

Xəbər lenti

Xəbər lenti