...

Bankomatdan özgəyə məxsus kartla pul çıxarmaq saxlanc yerinə qanunsuz müdaxilə hesab olunmur - Konstitusiya Məhkəməsi

Cəmiyyət Materials 11 İyul 2011 12:23 (UTC +04:00)
Bankomata özgənin kart və identifikasiya nömrəsi daxil edilməklə oradan pul vəsaitlərinin talanması saxlanc yerinə qanunsuz müdaxilə hesab olunmur.
Bankomatdan özgəyə məxsus kartla pul çıxarmaq saxlanc yerinə qanunsuz müdaxilə hesab olunmur - Konstitusiya Məhkəməsi

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bankomata özgənin kart və identifikasiya nömrəsi daxil edilməklə oradan pul vəsaitlərinin talanması saxlanc yerinə qanunsuz müdaxilə hesab olunmur.

Trend-in məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsinin Baş Prokurorluğun bu məsələ ilə bağlı sorğusu əsasında qəbul etdiyi qərarda deyilir.

Baş Prokurorluq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə)
bankomata özgənin kart və identifikasiya nömrəsi daxil edilməklə oradan pul vəsaitlərinin talanmasının "başqa saxlanc yerlərinə qanunsuz daxil olma" hesab olunub-olunmamasının şərh edilməsini xahiş edib.

Sorğuda göstərilir ki, digər şəxsə məxsus hesab kartını və identifikasiya nömrəsini (pin-kodu) ələ keçirməklə, kartı sahibinin iradəsinə zidd bankomata qanunsuz daxil edib oradan özgəyə məxsus pul vəsaitini talayan şəxsin hərəkətinin saxlanc yerinə qanunsuz daxil olma kimi qəbul edilib-edilməməsi istintaq və məhkəmə təcrübəsində qeyri-müəyyənlik yaradır. Bu isə əməlin düzgün tövsif edilməsinə və vahid istintaq-məhkəmə təcrübəsinin yaranmasına maneçilik törədir.

Məhkəmə Baş Prokurorluğun sorğusu ilə bağlı qəbul etdiyi qərarda göstərib ki, özgəyə məxsus oğurlanmış hesab kartı və identifikasiya nömrəsi ilə bankomatın informasiya sisteminə daxil olmaqla oradan hesab kartının sahibinin hesabında olan pul vəsaitinin çıxarılması Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd olunan başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilən oğurluq hesab olunmur.

Qərara görə, bankomata qanunsuz daxil olma fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət edilərsə, bu halda törədilən əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır.

Xəbər lenti

Xəbər lenti