...

Azərbaycanda inzibati xəta törətmiş şəxsə protokolun surətinin verilməməsi yol polisi əməkdaşından şikayət verilməsi üçün əsasdır - DYP (FOTO)

Cəmiyyət Materials 11 İyul 2011 12:41 (UTC +04:00)
Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra yol patrul xidməti əməkdaşları yeni protokollarla təmin olunublar.
Azərbaycanda inzibati xəta törətmiş şəxsə protokolun surətinin verilməməsi yol polisi əməkdaşından şikayət verilməsi üçün əsasdır - DYP (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra yol patrul xidməti əməkdaşları yeni protokollarla təmin olunublar.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən yol patrul xidməti əməkdaşları xüsusi hazırlanmış, nömrə üzrə ciddi hesabatla verilən və blank formasında tərtib edilməsi nəzərdə tutulan yeni protokollarla təmin olunublar.

Əliyev bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tərtib edilir və həmin protokolun surəti barəsində protokol tərtib olunan şəxsə dərhal verilir.

Şöbə rəisinin sözlərinə görə, barəsində tərtib edilmiş protokolun surəti şəxsə dərhal verilmədikdə o, inzibati protokolu tərtib etmiş yol patrul xidməti əməkdaşının hərəkətlərindən ətraflı məlumat verməklə yol polisi əməkdaşının xidmət etdiyi nizami hissənin rəhbərliyinə və ya məhkəməyə şikayət edə bilər.

İdarə sözçüsü qeyd edib ki, Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

"Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayət və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və zəruri olduqda, qərardad dərhal onu icraya yönəldən orqana (vəzifəli şəxsə) göndərilir", - Əliyev bildirib.

Cərimələrin ödənilməsi məsələsinə toxunan şöbə rəisi bildirib ki, DYP əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdə inzibati xəta törətmiş şəxsə cəriməni POS-terminaldan istifadə etməklə, plastik kart vasitəsilə ödəmək imkanı verilir.

"Cərimə plastik kart vasitəsilə ödənildikdə tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir. Bu zaman iki nüsxədə qəbz (10 faiz güzəştlə faktiki ödənilmiş məbləğ) çap olunur, bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir. İnzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır", - o deyib.

Əliyevin sözlərinə görə, cərimə bildirişində inzibati xətaya görə ödənilməsi nəzərdə tutulmuş məbləğ və inzibati xətanın baş verdiyi tarix, eləcə də güzəşt və dəbbə haqqının hesablanması şərtləri də qeyd olunur ki, bunun əsasında bank nümayəndəsi müvafiq ödəmə qəbul edir.

"Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı onun qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir, 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır", - İdarə sözçüsü deyib.

Əliyev bildirib ki, qanuna edilmiş əlavə və dəyişikliklərlə, cərimələrin ödənilməsi ilə bağlı sualı olan vətəndaşlar Baş İdarədəki 590-81-42, 590-81-43, 590-81-44 nömrəli telefonlara zəng etməklə suallarına cavab tapa bilərlər.

FOTO - Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yeni protokolu

Xəbər lenti

Xəbər lenti